ABŞ-ın Virciniya Universitetinin tədqiqatçıları insanların keçmiş həyatlarını xatırladıqlarına dair məlumatlarda maraqlı bir qanunauyğunluq aşkar ediblər. Araşdırmaya görə, xatirələrin aid edildiyi şəxsin ölümü nə qədər qəfil və zorakı olubsa, həmin həyatı xatırladığını iddia edən uşağın doğulmasına qədər keçən ehtimal olunan müddət bir o qədər qısa olub.
“Daily Mail” nəşrinin yazdığına görə, ən diqqətçəkən hallarda ölüm ilə ehtimal olunan “yenidən doğuluş” arasındakı müddət 40 faiz daha az olub.
Alimlər 1678 hadisəni araşdırıblar
Tədqiqatçılar keçmiş həyat xatirələri ilə bağlı 1678 məlumatı təhlil ediblər. Onlar uşağın danışdığı xatirələri konkret vəfat etmiş şəxslə əlaqələndirməyin mümkün olduğu halları seçərək həmin şəxsin ölüm şəraitini araşdırıblar.
Hadisələr iki qrupa bölünüb. Birinci qrupa xəstəlik və ya qocalıq kimi təbii səbəblərdən ölüm halları, ikinci qrupa isə qəza, zorakılıq və intihar nəticəsində baş verən ölümlər daxil edilib. Nəticələr göstərib ki, qəfil və ya zorakı ölümlərdən sonra vəfat etmiş şəxsin həyatını xatırladığını bildirən uşağın doğulmasına qədər keçən ehtimal olunan müddət daha qısa olub.
Bu qanunauyğunluq, xüsusilə, reinkarnasiyaya inanmadığı bildirilən ailələrdə daha aydın müşahidə edilib.
Tədqiqatçılar nəticələrin səbəbini izah edə bilmirlər
Araşdırmanın həmmüəllifi, Virciniya Universitetinin alimi doktor Marieta Pehlivanova əldə olunan nəticələrin arxasında hansı mexanizmlərin dayandığının hələ məlum olmadığını bildirib. Onun sözlərinə görə, bu, araşdırmaların davam etdirilməsi üçün əlavə əsas yaradır.
Tədqiqatın aparıcı müəllifi doktor Saida Sədəgi isə əvvəlki araşdırmanın nəticələrini daha sistemli şəkildə yoxlamaq istədiklərini açıqlayıb. Alimlər ölümün xarakteri ilə ehtimal olunan “yenidən doğuluş” arasındakı müddət arasında müşahidə edilən əlaqənin mədəni və ya psixoloji amillərlə izah olunub-olunmadığını müəyyənləşdirməyə çalışıblar.
Bu, reinkarnasiyanın sübutu deyil
Tədqiqatçılar xüsusi olaraq vurğulayırlar ki, əldə olunan nəticələr reinkarnasiyanın, yəni insanın ölümdən sonra başqa bədəndə yenidən dünyaya gəlməsinin mövcudluğunu sübut etmir. Araşdırma yalnız toplanmış məlumatlar arasında müəyyən qanunauyğunluq olduğunu göstərir. Müəlliflərin fikrincə, bu əlaqəni mövcud psixoloji və sosial modellər çərçivəsində izah etmək çətin ola bilər.
Bununla belə, belə halların öyrənilməsi məhdud olaraq qalır. Uşaqların keçmiş həyatlarını xatırladıqları barədə iddiaların nə dərəcədə etibarlı olması isə elmi mübahisə mövzusudur. Əvvəlki araşdırmalara görə, bu cür məlumatlar daha çox uşaqlardan alınır və onların danışdıqları xatirələr adətən təxminən yeddi yaşa qədər tədricən yox olur.
Bəzi hallarda uşaqlarda ailələri üçün qeyri-adi sayılan qorxular, vərdişlər və üstünlüklər də müşahidə edilir. Reinkarnasiya fərziyyəsini dəstəkləyənlər bu xüsusiyyətləri uşaqların ehtimal olunan keçmiş həyatı ilə əlaqələndirirlər. Lakin bu izah elmi baxımdan təsdiqlənmiş fakt hesab edilmir.
N.Talıblı
