QMİ sədri Qroznıda Əhməd Kadırovun yubiley tədbirində iştirak edib

FOTO
24 Avqust 2021 - 16:28

Avqustun 23-də QMİ sədri Allahşükür Paşazadə Qroznı şəhərində Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş rəsmi tədbirdə iştirak edib.

QMİ-dən bildirilib ki, tədbirdə RF Çeçenistan Respublikasının başçısı cənab Ramzan Kadırov, Çeçenistanın dövlət, ictimai və dini xadimləri və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri iştirak ediblər.

Tədbirdə Şeyxülislam həzrətləri fəxri qonaq qismində çıxış edib. Cənab Kadırova və bütün Çeçen xalqına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdıran QMİ sədri öz çıxışında Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun əziz xatirəsini yad edərək onun Çeçenistanın intibahı naminə misilsiz töhfələrini, xalqın xoşbəxtliyi naminə canından keçərək şəhid olduğunu bildirib.

QMİ sədri Azərbaycan Respublikası ilə RF Çeçenistan Respublikası arasında qardaşlıq və sıx əməkdaşlıq əlaqələrinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları və RF Çeçenistan Respublikasının Başçısı cənab Ramzan Kadırov tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.

Çıxışın sonunda A.Paşazadə Çeçenistan rəhbərliyinə və Çeçen xalqına yeni-yeni nailiyyətlər və Allah Taaladan müvəffəqiyyət arzulayıb.