“Allergik xəstəlikləri koronavirus infeksiyasından ayırd etmək vacibdir”- ATU professoru

“Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslıqlı reaksiyasıdır. Adətən allergiya dəridə müxtəlif ölçüdə və formada səpkilərlə, qaşınma ilə, immun sistemi tərəfindən zəifliklə, selikli qişaların şişkinliyi ilə özünü biruzə verə bilər”.

APA xəbər verir ki, bunu ATU-nun II uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Amaliya Əyyubova bildirib. O qeyd edib ki, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıyır, əsasən yaz və payız aylarında özünü biruzə verir:

“Bura aiddir pollinoz (bitkilərə qarşı həssaslıq), allerqik rinit (məişət tozuna qarşı həssaslıq), bronxial astma, atopik bronxial astma, qida allerqiyası və s. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişiklərlə əlaqədar yaranır. El arasında “Bahar xəstəliyi” və yaxud “Bahar katarı” adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Xəstələrdə asqırma daha da güclənir, gözündən su axır, gözlər qızarır, qaşınır və şişir. Buna havada olan tozcuqlarla bərabər, yanaşı mövsümi qidalar da təsir edir. Misal üçün, çiyələk, gilas, ərik, şaftalı, tut və s. göstərmək olar. Allerqenlər insan orqanizminə dəridən, tənəffüs və mədə-bağırsaq traktı vasitəsilə keçir. Xəstəlik özünü dərhal – 20-30 dəqiqə ərzində, yaxud da 24-48 saat sonra biruzə verə bilər”.

A.Əyyubovanın sözlərinə görə, allergik xəstəlikləri son aylarda bütün dünyada yayılan koronavirus infeksiyasından ayırd etmək vacibdir:

“Burada bizə düzgün toplanan anamnez kömək edir. Yəni allergik xəstəliklər irsən keçən xəstəliklərə aiddir. Xəstəlik birdən-birə başlayır, hərarət olmur. Çox vaxt xəstə və uşağın valideyni hər il xəstəliyin hansı vaxtda baş verəcəyini bilir. Məsələn, ağacların, çiçəklərin, güllərin çiçəklənmə vaxtı və s. Mövsümdən asılı olmayan ən çox yayılmış allergenlər ev tozudur, əsas tərkibi gözlə görünməyən gənədir. Onları törədən xəstəliklər (bronxial astma, atopik bronxial astma) bütün il boyu qeyd edilir”.

O bildirib ki, pandemiya ilə əlaqədar aparılan sosial izolyasiya, karantin rejimi, evdə qalmaq müəyyən dərəcədə mövsümi allergiyadan əziyyət çəkənlərə kömək edir:

“Bayıra çıxmamaq xəstəliyin inkişafına və özünü biruzə verməsinə maneə törədir. Bu ərəfədə bizə, yəni allergoloqlara müraciət xeyli azalıb. Əlbəttə, allergik xəstəliyi olan insanlar koronavirus infeksiyasına yoluxarlarsa, xəstəlik daha da ağırlaşar və bunun nə ilə nəticələnəcəyini demək olmur. Buna görə də məsləhət görürəm ki, allergik xəstəliklər başlayan zaman həkim-allerqoloqa müraciət etməyi unutmayın”.

Professor mövsümi allergiyadan qorunmaq üçün küləkli havada bayıra çıxmamağı, evdə pəncərələrə ağcaqanad toru vurmağı və hər gün 1-2 dəfə onları yaş əski ilə silməyi, evdə tozsoran işlətməməyi, yaş əski ilə döşəmələri silməyi, hansı qidaya qarşı həssaslıq hiss edilərsə, ondan ən azı 6 ay-1 il müddətinə uzaqlaşmağı və həkim-allerqoloqun məsləhətinə riayət etməyi tövsiyə edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

ÜST: