Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə Türkiyəyə üçgünlük səfər edəcək.
Azpost.info bildirir ki, bu barədə Almaniya prezidentinin mətbuat xidməti xəbər verir.
“Türkiyə Almaniyanın regionda, NATO-da və G20-də mühüm tərəfdaşıdır” -deyən Almaniya prezident administrasiyası səfərin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünü də qeyd edəcəyini bildirib.
Məlumata görə, aprelin 22-24-də baş tutacaq səfər çərçivəsində Ştaynmayer siyasi danışıqlar aparacaq, vətəndaş cəmiyyəti və biznes qurumlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Ştaynmayerin aprelin 24-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək ikitərəfli münasibətləri müzakirə etmək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaq planlaşdırılır.
Almaniya prezidenti ötən il dağıdıcı zəlzələdən zərər çəkmiş Qaziantep şəhərinə də səfər edəcək. Ştaynmayer tikintisinə ölkəsi tərəfindən dəstək verilən məktəbə baş çəkəcək.
Azpost.info