Almaniyanın müdafiə naziri istefa verdi- Tənqidlərə davam gətirmədi

Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.

Azpost.info xəbər verir ki, bu barədə nazir özü açıqlama verib.

O bildirib ki, mediada davam edən tənqidlər onun nazir kimi fəaliyyətini davam etdirməsini qeyri-mümkün edir. Tənqidçilər və müxalifətdəki xristian demokratlar onu səriştəsizlikdə, Bundesverin yenidən təchizi prosesində lənglikdə və ictimai çıxışlarda uğursuzluqda ittiham edirdilər.

“Mənim şəxsiyyətimin media tərəfindən aylarla müzakirə olunması ordu, Bundesver və təhlükəsizlik siyasəti sahəsində prioritetlərin Almaniya vətəndaşlarının və ordunun maraqları naminə müəyyən edilməsi istiqamətində müzakirələrin aparılmasını demək olar ki, qeyri-mümkün edir. Ona görə də mən vəzifəmi tərk etmək qərarına gəldim”, – 57 yaşlı Lambrext bildirib.

Almaniya mətbuatı Kristin Lambrextin müdafiə naziri postunu tərk etmək niyyəti barədə ilk dəfə yanvarın 13-də məlumat yaymışdı.

Lambrext 2021-ci ilin dekabrında Müdafiə Nazirliyini təhvil almazdan əvvəl Angela Merkelin son kabinetində ədliyyə naziri olub. Həmin ildən o, həm də Ailə, Qadın və Gənclər naziri vəzifəsində çalışıb.

Son günlərə qədər kansler Olaf Şolts Lambrexti açıq şəkildə müdafiə edirdi.

Azpost.info

 

Əvvəlki məqalə

“Azərbaycanda investisiya mühiti çox müsbətdir”

Sonrakı məqalə

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb