Almaniyanın sabiq kansleri Helmut Kolun oğlu səhiyyə nazirini məhkəməyə verib

03 Aprel 2021 - 14:14

Almaniyanın sabiq kansleri Helmut Kolun oğlu Valter Kol qoruyucu maska tədarükü ilə bağlı hesabın ödənilməməsinə görə ölkənin Səhiyyə naziri Yens Şpana qarşı iddia qaldırıb.

Bild tabloidi xəbər verir ki, iddia Bonn məhkəməsinə verilib və söhbət 5,5 milyon avroluq məbləğdən gedir.

Nəşrin məlumatına əsasən, 2020-ci ilin yazında Valter Kolun Kohl Consult firması nazırliyin tenderində iştirak etmiş, FFP2 tipli bir milyon maska (bir ədədi 4,5 avro qiymətinə) tədarükünə sifariş almışdı. Lakin son nəticədə nazirlik malı qəbul etməyib və pulunu ödəməyib.

Kolun sözlərinə görə, Şpanın rəhbərlik etdiyi nazirlik “qəfildən” bəyan edib ki, maskalar suya davamlı deyil, halbuki bu, əvvəlcədən razılaşdırılmamışdı.

Səhiyyə nazirliyi davam edən araşdırmanın detalları barədə şərh verməkdən boyun qaçırıb.