“Ana Kür” İB iqlim dəyişmələrinə dair ekoloji konfrans keçirib –FOTOLAR

Salyan rayonunda  fəaliyyət göstərən  “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsi çərçivəsində maarifləndirici və praktik işlər icra etməkdədir. İndiyə kimi  layihə təqdimati ilə yanaşı yeddi dəyirmi masa, Şirvan Milli parkına iki ekotur, müxtəlif təmizlik aksiyaları həyata keçirilib.

Növbəti tədbir isə ekoloji mövzuda keçirilən konfrans olub. Rayon icra hakimiyyətinin, şəhər bələdiyyəsinin, digər dövlət və ictimai qurumların səlahiyyətlilərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin, media nümayəndələrinin iştirak etdiyi tədbirdə İctimai birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikovun “İqlim dəyişmələrinin insan sağlamlığına, ərzaq təhlükəsizliyinə və ətraf mühitə təsiri” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında Salyan rayon İcra hakimiyyətinin məsul işçisi Məhərrəm Məmmədov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyev Şirvan Milli Parkının direktoru Seymur Kərimov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı Abasqulu Abbern, Salyan bələdiyyəsinin sədri Sərvəddin Cəfərov, Şirvan- Salyan Regional Gənclər və İdman idarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektorunun  baş məsləhətçisi  Fariz  Sadıqlı  və digərləri çıxış edərək dövrümüzün ən aktual məsələlərindən olan iqlim dəyişmələrinin təsirini azaltmaq üçün dövlət səviyyəsində həyata keçirilən işlərdə vətəndaş cəmiyyətinin, ümumiyyətlə hər birimizin üzərinə düşən ictimai məsuliyyətdən danışıblar. BMT-nin səlahiyyətli qurumlarının konkret faktlarına istinadən qeyd edilmişdir ki, qlobal istiləşməyə görə məsuliyyət insanların üzərinə düşür və  son 200 ildə bütün qlobal istiləşmələrdə insanlar məsuliyyət daşıyır. Ona görə də planetimizdə yaşıl düşüncənin təşviq edilməsi  həqiqətən çox önəmlidir. Azərbaycan cəmiyyətində bu məsələlər prioritet hesab olunur. Belə ki, ölkəmizin  2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Qeyd edilib ki, Azərbaycanda 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdə və Bakıda  keçiriləcək COP-29 tədbiri cəmiyyətimizdə “yaşıl düşüncənin” formalaşmasına, vətəndaşlarımızı “yaşıl həyat tərzi keçirməyə sövq edərək prioritet hədəf olan “yaşıl inkişaf” üçün yeni səhifə açacaqdır. Dəyirmi masa çay süfrəsi ətrafında davam etdirilib, iştirakçılara maarifləndirici materiallar paylanılıb və onları  maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki məqalə

“Sahil” stansiyasının qarşısındakı səki genişləndirilib

Sonrakı məqalə

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib –