Yeni genişmiqyaslı araşdırma göstərib ki, Avropada uşaq və yeniyetmələrin fiziki hazırlıq səviyyəsi son onilliklərdə davamlı şəkildə pisləşir. Alimlər əzələ gücünün, çevikliyin və sağlam bədən quruluşunun zəifləməsinin gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.
Azpost.info bildirir ki, tədqiqat İspaniyanın Saraqosa Universitetinin alimləri tərəfindən aparılıb və nəticələri “Sports Medicine – Open” elmi jurnalında dərc olunub.
Araşdırma çərçivəsində 1965–2023-cü illər ərzində Avropanın 20 ölkəsindən 6-16 yaş arasında olan 417 min 362 uşaq və yeniyetmənin məlumatları təhlil edilib.
Tədqiqatçılar əzələ gücü, çeviklik, bədən tərkibi və ürək-damar-dözümlülük göstəricilərini qiymətləndiriblər.
Nəticələrə görə, yuxarı bədən əzələlərinin gücü 1970-ci illərdən etibarən davamlı azalır. Aşağı ətrafların əzələ gücü isə 1980-ci illərə qədər artsa da, sonradan tədricən zəifləməyə başlayıb.
Ən ciddi geriləmə çeviklik göstəricilərində qeydə alınıb. Alimlər bildirirlər ki, bu göstəricilər illərdir azalır və 2000-ci ildən sonra bu proses daha da sürətlənib.
Araşdırmada həmçinin uşaqlarda bədən piyinin səviyyəsinin davamlı artdığı müəyyən edilib. Mütəxəssislər qeyd edirlər ki, yalnız bədən kütlə indeksi (BKİ) ilə qiymətləndirmə bu problemi tam əks etdirmir.
Ürək, ağciyər və qan damarlarının fiziki yüklənmə zamanı əzələləri oksigenlə təmin etmə qabiliyyətini göstərən kardiorespirator dözümlülük isə uzun illər davam edən azalmadan sonra 2015-2023-cü illərdə nisbətən sabitləşib. Buna baxmayaraq, bu göstəricilər əvvəlki onilliklərlə müqayisədə hələ də xeyli aşağıdır.
Alimlər vurğulayırlar ki, uşaqlıq dövründə yaxşı fiziki hazırlıq gələcək sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır. Güclü əzələlər normal çəkinin qorunmasına kömək edir, yüksək kardiorespirator dözümlülük isə ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini azaldır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrə hər gün ən azı 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki fəaliyyətlə məşğul olmağı, həftədə azı üç dəfə isə əzələ və sümükləri gücləndirən məşqlər etməyi tövsiyə edir.
Lakin araşdırmaya əsasən, Avropada yeniyetmələrin 75 faizindən çoxu bu tövsiyələrə əməl etmir.
Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr uşaqlar və yeniyetmələr arasında fiziki fəallığın artırılması üçün dövlət və ictimai proqramların daha da gücləndirilməsinin vacibliyini göstərir.