Araz Əlizadə nazirə dəstək verdi:

“Əbülfəs Qarayev mənəvi məsuliyyət daşıyır”
12 May 2020 - 11:29

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatı şərh edib.

A.Əlizadə açıqlamasında bildirib ki, korrupsiya və rüşvətxorluq xərçəng xəstəliyi kimidir.

“Korrupsiya və rüşvətxorluğun qarşısı vaxtında alınmasa, o, xərçəng kimi metastaz verir, strukturu içəridən dağıdır”, – deyə A.Əlizadə əlavə edib.

Onun fikrincə, DTX-nin Mədəniyyət Nazirliyindəki əməliyyatı bəzi strukturlarda korrupsiyanın olduğunu göstərir:

“Xalq dövlətin korrupsiyaya qarşı apardığı mübarizəni təqdir edir, dəstəkləyir. Hamı cənab Prezidentin korrupsiyaya qarşı qəti iradəsini yüksək qiymətləndirir”.

Keçmiş deputat Mədəniyyət Nazirliyindəki korrupsiya şəbəkəsinə görə, Mədəniyyət naziri Əbülfəs Qarayevin mənəvi məsuliyyət daşıdığını vurğulayıb: “Çünki Əbülfəs Qarayevin tabeliyində olan şəxslər qanunsuz əməllərə imza atıblar”.

Qeyd edək ki, DTX mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Əməliyyatla Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur. Onların barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.(Oxu.az)