Azərbaycanın malik olduğu nəqliyyat-tranzit imkanları Cənubi Qafqaz regionunun dünyanın logistika habına çevrilməsi üçün böyük imkanlar yaradır.
44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyət Bakını Mərkəzi Asiya ilə Avropaya arasında “enerji körpüsü”nün qura biləcək vacib qovşaq statusunu möhkəmləndirib.
Qarabağ problemini uğurla həll edən Bakı regionun tranzit liderinə çevrilir və təhlükəsiz nəqliyyat dəhlizlərinin yaradılması üçün nəhəng layihələrin təşəbbüskarı kimi çıxış edir.
“Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi mühüm layihələr Azərbaycanı Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi tanıdır.
Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının ötən il canlı görüşlərində, bu günlərdə baş tutmuş videokonfransında danışıqların əsas motivi bölgədə nəqliyyat qovşaqlarının açılması idi. Tərəflər regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda nəqliyyat əlaqələrinin açılmasının vacibliyini vurğulayır, konkret layihələrə start verilməsini dəstəklədilər.
Bu baxımdan ciddi müzakirə mövzusu olan “Zəngəzur dəhlizi” Naxçıvanı Azərbaycanla birləşdirən yol olmaqla yanaşı həm də regionu nəqliyyat mərkəzinə çevirəcək.
Regionda sovet dövründən miras qalmış dəmiryol qovşaqları İranı Rusiya ilə birləşdirir, Culfadan keçən yol Naxçıvan vasitəsilə Rusiyaya keçidi təmin edirdi. Türkiyənin Cənubi Qafqaza girişi isə Ermənistan ərazisindən keçməklə Gümrüyə, oradan Qarsa doğru uzanır. Mövcud problem isə Türkiyə və Rusiyanı əlaqələndirəcək quru nəqliyyat yollarının olmamasıdır. Bu istiqamətdə dəmiryol marşrutu hələ ki mövcud deyil.
Burada Azərbaycan, Türkiyə və Ermənistan arasında sərhədlərin bağlı olması əsas problem kimi qalır. Belə vəziyyət isə daşınma üçün vacib olan ucuz nəqliyyat yolunun qarşısını alır. Aparılan danışıqlarda da sərhədlərin açılması ilə bağlı təkliflər və onların çözülməsi ardıcıl şəkildə gedir.
Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistandan “yaxşı xəbərlərin gəldiyini” açıqladı, ardınca Ermənistanın Baş naziri Paşinyan Horadiz dəmir yolunun açılmasına çox yaxın olduqlarını bəyan etdi.
Artıq Rusiya-Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin təmsil olunduqları üçtərəfli işçi qrupda konkret təkliflərlə bağlı razılıq əldə olunması haqqında məlumatlar gəlməkdədir.
Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolu ilə Ermənistan Rusiya və İrana, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək. Türkiyə ilə sərhəd və kommunikasiyaların açılması ilə bağlı razılıq əldə olunarsa, Gümrü-Qars dəmir yolu da işə başlaya bilər.
Digər bir yol –Astara-Rəşt-Qəzvin dəmir yolu isə Hind okeanı ilə Baltik dənizini birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizinin elementi kimi baxılır. Bu dəmir yolunun Qəzvin-Rəşt-hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir.
Azərbaycan bu layihədə mühüm rola malik olar dövlətlərdən biridir. Tranzit ölkə olaraq Azərbaycan hökuməti ilk növbədə Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xəttini inşa edərək İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib.
Proqnozlar özünü doğrultsa, 2 ildən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başlayacaq və Azərbaycan tranzit ölkə olaraq dəhlizdə mühüm əhəmiyyət kəsb edəcək. Burada söhbət yalnız tranzit gəlirlər əldə etməkdən getmir. Dünyanı Çin, Hindistan, Rusiya kimi iri iqtisadi dövriyyəyə malik olan dövlətləri ilə Azərbaycanın geniş iqtisadi və siyasi əlaqələri yaranacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu da yükdaşımalar üçün əlevrişli tranzit imkanları yaradır. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından maksimal dərəcədə istifadə etmək üçün işlər aparılır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. 2021-ci ildən ilk dəfə olaraq BTQ vasitəsi ilə ixrac yüklərin nəqlinə başlanılıb.
Prezident İlham Əliyev tərəfindən yürüdlən xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edən böyük miqyaslı nəqliyyat layihələrinin əsas hədəfi ölkəmizin logistika və tranzit qovşağı kimi rolunun gücləndirilməsi üçün lazımi infrastrukturun qurulmasıdır.
Füzulidə təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Bu yol Azərbaycanın əsas hissəsi ilə Naxçıvanla birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatna görə ölkəmiz dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir.
Bu gün region yeni geopolitik şərtlərin vacib mesajlarını daşıyan məkana çevrilir. Vətən Müharibəsindəki zəfərimiz bölgədə ənənəvi siyasi yanaşmanı dağıdıb, bütün siyasi müstəvini dəyişib. Azərbaycanın avanqard olduğu yeni geopolitik masada Mərkəzi Asiyaya və Avropaya gedəcək yeni nəqliyyat dəhlizlərinin layihələri çızılır.
Yenidən dizayn olunan regionun nəqliyyat qovşaqları üçün etibarlı tərəfdaş və lider ölkə olaraq logistika və enerji təhlükəsizliyi dövlətin siyasi prioritetləri içərisində xüsusi yer alır.
Asiyadan, Yaxın Şərqdən, Çindən gələcək yüklərin Zəngəzur dəhlizi ilə Avropaya çıxma perspektivi ilə bölgədə tamam yeni bir vəziyyəti formalaşdıracaq. Azərbaycan burada tranzit dövlətə çevrilməklə bölgə siyasətini müəyyən edən ən vacib ölkə statusunu qazanıb. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə qurulan nəqliyyat layihələri ölkəmizi bu qovşaqlarda söz sahibinə çevirib.
V.Məmmədov
Yazı MEDİA-nın maliyyə dəstəyi ilə hazırlanıb