AstraZeneca vaksini şübhə altına düşüb –Cənubi Afrika peyvəndi dayandırmağı planlaşdırır

Dünya Səhiyyə Təşkilatı (DST) AstraZeneca vaksini barədə hökm çıxarmağa tələsməməyi tövsiyə edir. Məsələ ondadır ki, Cənubi Afrikada aparılmış tədqiqat vaksinin bu ölkədə dominantlıq edən virus variantına qarşı az effektli olduğunu göstərib.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, Cənubi Afrika fevralın 7-də AstraZeneca vaksinindən istifadəni dayandırmaq planlarını açıqlayıb. Kiçik klinik sınaq vaksinin ölkədəki virus variantının yaratdığı yumşaq-orta səviyyəli xəstəliyə qarşı effektli olmadığını üzə çıxarıb.

Yoxsul ölkələrə təsiri

Bu araşdırmanın yoxsul ölkələrə təsiri böyükdür, çünki onlar logistik problemlər səbəbindən AstraZeneca-ya bel bağlayıblar. Bu vaksin normal soyuducu temperaturunda azı altı ay saxlana bilər. Pfizer/BioNTech və Moderna vaksinləri üçünsə daha güclü soyuducu tələb olunur.

AstraZeneca yoxsul ölkələrə milyonlara vaksin göndəriləcək qlobal COVAX planının əsas hissəsidir.

Epidemik Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) başçısı Riçard Haçet deyib ki, “bu vaksini kənara qoymaq üçün hələ çox tezdir”.

“Əlimizdəki alətlərdən mümkün qədər effektli istifadə vacibdir”, – o, fevralın 8-də DST-nin brifinqində deyib.

Suallar

DST-nin immunizasiya üzrə direktoru Ketrin O’Brayan deyib ki, ümumilikdə AstraZeneca vaksini barədə müsbət fikir mövcuddur.

O, vaksinin Cənubi Afrika variantından xəstəxanaya yerləşdirmələrin, ölümlərin qarşısının alınmasında böyük təsiri ola biləcəyini bildirib.

DST rəhbəri Tedros Adhanom Gebreyesusun sözlərinə görə, COVID-19-un yeni variantlarının ortaya çıxması mövcud vaksinlərin effektli olub-olmaması haqda suallar yaradıb. O, Cənubi Afrikada vaksinlə bağlı araşdırmanı “narahatedici xəbər” adlandırıb.

AstraZeneca isə vaksinini artıq Cənubi Afrika variantına qarşı adaptasiya etməyə başladığını bildirib. Bu variant artıq onlarla ölkədə aşkarlanıb.

Yohannesburqdakı universitetdə aparılmış sınağın bəzi çatışmazlıqları olduğu, kiçik miqyasda aparıldığı, ona hələlik, kənardan rəy verilmədiyi bildirilir.

Üstəlik, vaksinin COVID-19-un ağırlaşmasına qarşı effekti də öyrənilməyib, çünki əsasən böyük risk qrupunda sayılmayan nisbətən gənclər üzərində öyrənilib.

Digər vaksinlərin təsiri

Cənubi Afrika hökuməti bir neçə həftəyə Johnson & Johnson’s və Pfizer/BioNTech vaksinləri ilə immunizasiyaya başlayacağını bildirib.

İlkin məlumatlara görə, Pfizer/BioNTech vaksini də Cənubi Afrika variantına qarşı az effektlidir.

Bu variant Novavax və Johnson & Johnson vaksinlərinin COVID-19-a təsirini də azaldıb.

AstraZeneca vaksini Avropa Birliyində təsdiqlənib. Amma Fransa və Almaniya daxil bir çox ölkələr bu vaksini yaşı 65-dən az olanlara vurmağı tövsiyə edir.

Britaniya bildirir ki, bu ölkədə yayılmış variantın səbəb olduğu ölüm, yaxud ağır xəstəliyi vaksinin önləməməsinə dəlil yoxdur. Britaniya variantının daha yoluxucu və daha ölümcül olduğu bildirilir.

Dünyada koronavirusa 106 milyondan çox yoluxma təsdiqlənib, 2 milyon 300 mindən çox xəstə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftçalada bələdiyyə sədri barəsində cinayət işi başlanıb

Sonrakı məqalə

Azərbaycandan bu il də Həcc ziyarəti baş tutmaya bilər