Astronomlar ilk dəfə ulduzlarda planetlərin yaranmasını müşahidə ediblər

01 Mart 2021 - 01:14

Alimlər kütləsi Günəşdən 5-10 dəfə yüngül olan ulduzların ətrafında planetlərin yaranmasını ilk dəfə olaraq təfsilatı ilə öyrəniblər. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” elmi jurnalında dərc edilib. Yeni doğulmuş ulduzların qaz-toz diskindəki proseslər nəticəsində planetlərin yaranması barədə elmdə məlumat çox azdır. Məsələ ondadır ki, bu cür obyektlər çox tutqun olduğu üçün hətta ən güclü teleskopların köməyilə onları çətin müşahidə etmək olur.

TASS informasiya agentliyi xəbər verir ki, bu qəbildən ilk məlumatları alimlər Maks Plank Cəmiyyətinin Astronomiya İnstitutunda Nikolas Kurtoviçin rəhbərliyi ilə əldə ediblər. Onlar Buğa bürcündə son zamanlar kəşf edilmiş kütləsi çox az olan ulduzları əhatə edən altı protoplanet diskini müşahidə ediblər.

Bu ulduzların hamısı son 2-3 milyon ildə yaranıb. Buna görə də onların ətrafında qaz və tozdan ibarət yastı disk var ki, nəzəri baxımdan onun daxilində planet yarana bilər. Astronomlar onları ALMA mikrodalğalı teleskopun köməyilə tapmağa çalışıblar. Onlar disklərin daxilində toz zərrəciklərinin necə hərəkət etdiyini və onların konsentrasiyasının necə fərqləndiyini müşahidə ediblər. Məlum olub ki, üç protoplanet diskində adətən planetin yaranmasının son mərhələsində meydana gələn az sıxlıqlı qaz və toz yığını ilə xarakterik halqalar olub. Onlardan bəzilərinin ölçüsü Saturn və ya astronomların daha böyük səma cisimlərinin kənarlarında kəşf etdikləri kiçik qaz nəhəngləri ilə müqayisə edilə bilər.

Nikolas Kurtoviçin sözlərinə görə, tədqiqat zamanı müşahidələrin bütün alternativ izahları, o cümlədən bu ulduzların işığının təsiri altında toz buxarlanması yoxlanılıb, lakin planetin mövcudluğu bunlardan ən inandırıcı olaraq qalır. Astronomlar bənzər strukturların necə yaranmasını hələ ki dəqiq izah edə bilmirlər. Lakin onların mövcudluq faktı göstərir ki, bu proses çox sürətlə – bir neçə yüz min il ərzində baş verir, çünki kiçik ulduzların protoplanetlərinin diskində toz yeni doğulmuş ulduzun şüalandırması nəticəsində sürətlə məhv olur.

Alimlər ümid edirlər ki, bu cür obyektlərə dair gələcəkdə aparılacaq müşahidələr astronomlara Süd yolu qalaktikasında ən geniş yayılmış ulduzlarda – qırmızı cırtdanlarda planetlərin nə dərəcədə tez-tez yaranmasını anlamağa kömək edəcək. Bu, belə planetlərdə yerdənkənar həyatın meydana gələ bilməsi ehtimalını qiymətləndirmək üçün lazımdır.