Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” bankasına sığışar

İsveçrənin “Le Temps” qəzetində koronavirus zərrələrinin kəmiyyəti haqqında məqalə dərc olunub. “Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” bankasına sığışar” başlıqlı məqalənin müəllifi Katrin Frammeridir.

“Le Temps”dəki məqalə britaniyalı riyaziyyatçı Kristian Yeytsin koronavirus hissəcikləri ilə bağlı “The Conversation” nəşrində dərc olunmuş yazısına istinadla hazırlanıb.

Novator.az saytının məlumatına görə, “Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” bankasına sığışar” yazısında deyilir ki, Kristian Yeyts əvvəlcə koronavirusa yoluxan adamda virus yükünün nə vaxt ən yüksək həddə çatdığını araşdırıb. Məlum olub ki, virus yükü ən yüksək həddə yoluxmanın 6-cı günü çatır, sonra getdikcə azalmağa başlayır.

Kristian Yeyts daha sonra koronavirusa yoluxmuş insanın orqanizmində xəstə olduğu müddətdə mövcud olan virus zərrələrinin ümumi sayını müəyyən etmək üçün hesablama aparıb. Bu zaman riyaziyyatçı virusa yoluxmuş meymunlardan götürülən nümunələrə dair tədqiqatlardan yararlanıb. Kristian Yeyts həmin nümunələri insan parametrləri ilə tutuşdurub. Onun gəldiyi qənaətə görə, koronaviruslu xəstənin orqanizmində xəstə olduğu müddətdə 1 milyarddan 100 milyarda qədər koronavirus zərrəsi olur.

Kristian Yeyts xatırladıb ki, rəsmi statistikaya görə, dünyada hər gün 500 min insanda koronavirus infeksiyası aşkarlanır. Amma infeksiyanı simptomsuz keçirənləri və bəzi ölkələrdə testdən keçmək istəməyənlərin olduğunu nəzərə aldıqda gündəlik yoluxma sayının 3 milyona yaxın olduğu güman edilir.

Kristian Yeyts öz hesablaması zamanı maksimal hədləri götürmək qərarına gəlib. Qeyd etdiyimiz kimi, riyaziyyatçının hesablamasına görə, bir insanın koronavirus xəstəsi olduğu müddətdə orqanizmində maksimum 100 milyard virus zərrəsi yığılır. Eyni zamanda ən pis ehtimala görə, dünyada hər gün 3 milyon adam virusa yoluxur. Beləliklə, bir insanın orqanizmindəki virus yükünün maksimal həddini (100 milyard ədəd virus) bir gündə virusa yoluxanların maksimal həddinə (3 milyon adam) vuran riyaziyyatçı belə bir nəticəyə gəlib: bu günün bu anında dünyada iki kvintilyona (18 sıfırdan ibarət rəqəm) yaxın koronavirus zərrəsi var.

“Le Temps”dəki məqalədə deyilir ki, riyaziyyatçı bu göstəricini çox yüksək rəqəm hesab edir və onun dünyadakı bütün qum dənələrinin sayına bərabər olduğunu bildirir: “Ancaq virus zərrələri qum dənələrindən qat-qat kiçikdir. Bir virusun diametri 80-120 nanometrə qədərdir (nanometr metrin milyardda biri deməkdir). Bir virusun radiusu isə insan tükündən min dəfələrlə nazikdir”.

Kristian Yeyts orta hesabla bir virus zərrəsinin diametrini 100 nanometr götürüb və dairəvi cismin həcmini hesablayan düsturdan istifadə edərək hər virus zərrəsinin 523 min kub nanometr və ya 120 millilitr olduğu qənaətinə gəlib.

Virus zərrəsi dairəvi formada olur, onlar yan-yana düzülür, ona görə aralarında boşluqlar qalır. Zərrələrin kompakt şəkildə düzülüşü zamanı aralarında 26% həcmində boş yer qaldığını deyən Kristian Yeyts bildirib ki, beləliklə, 120 millilitr mayedən boşluqları çıxanda onun həcmi 160 millilitrədək azalır.

Bütün bu hesablamalardan sonra Kristian Yeyts belə bir nəticəyə gəlir ki, hətta virus zərrələrinin toplandığı sahədə mövcud olan tikanlı zülalların yuxarı hissəsinin tutduğu yerləri də nəzərə alanda bu günün bu anında Yer kürəsində COVİD-19 infeksiyasına yoluxmuş insanların orqanizmində toplanan koronavirus zərrələrinin hamısı bir “Coca-Cola” bankasına sığışa bilər, üstəlik, heç o balaca bankanı da tam doldurmaz. “Möcüzəyə bax, dünyadakı bütün bu təlatümlər, son bir ildə baş verən bütün bu amansız ölümlər tarixin ən dəhşətli, vur-tut bir neçə qurtumluq zəhərinin işidir” deyə Kristian Yeyts vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mançester Yunayted” – “Çelsi” oyununda hesab açılmayıb

Sonrakı məqalə

Astronomlar ilk dəfə ulduzlarda planetlərin yaranmasını müşahidə ediblər