Kipr Avropa İttifaqının (Aİ) Belarus rəsmilərinə qarşı sanksiyalarını bloklayıb.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında deyib.
O bildirib ki, bu gün Aİ-nin Xarici İşlər nazirlərinin görüşündə Belarus rəsmilərinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı yekdillik olmayıb. Borrell vurğulayıb ki, blok Belarusla əlaqələrini yenidən nəzərdən keçirəcək, vətəndaş cəmiyyətinə və azad mediaya daha çox maddi dəstək verəcək: “Biz bu seçkinin saxtalaşdırıldığını bilirik və buna görə də Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq. Belarus xalqının azad, şəffaf və ədalətli seçkilər keçirmək haqqına inanır və Belarus xalqının yanında dayanırıq”.
Qeyd edək ki, Aİ-də xarici siyasətlə bağlı qərarlar blokun 27 ölkəsi arasında yekdillik tələb edir.
Xatırladaq ki, Aİ seçkidəki saxtakarlığa, şiddət və təzyiqlərə görə məsuliyyət daşıyan Belarusun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq edəcəyini bəyan edib.