Avropa İttifaqı 3 ayda Azərbaycandan 2 milyard avro dəyərində qaz alıb –HESABAT

Avropa İttifaqı 2022-ci ilin birinci rübündə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsi ilə Azərbaycandan 2,1 milyard avro həcmində qaz alıb. 

Azpost.info bildirir ki, bu barədə Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyətlə bağlı rüblük hesabatında açıqlanıb.

Hesabatda deyilir ki,  ümumilikdə, 2022-ci ilin ilk aylarında Avropa İttifaqı qaz idxalına təxminən 78 milyard avro xərcləyib. Bunun da 26,5 milyard avro Rusiyanın, 19,2 milyard avrosu Norveçin, 5,4 milyard avrosu Şimali Afrikanın (Əlcəzair və Liviya), 2,1 milyard avro – TAP-ın payına düşür.

LNG şəklində Aİ 2022-ci ilin birinci rübündə təxminən 33 milyard avro həcmində qaz idxal edib.

Avropa Komissiyası  il ərzində Azərbaycandan qaz tədarükünün artdığını qeyd edib: 2022-ci ilin birinci rübündə keçən ilin eyni dövründəki 10 TVt saata qarşı təxminən 24 TVt/saat qədər artıb.

Hesabata görə, bu ilin birinci rübündə TAP vasitəsilə qaz nəqlinin xüsusi çəkisi bir il əvvəlki 1,2 faizə qarşı ümumi tədarükün 2,5 faizini təşkil edib. “TAP Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir ki, bu da Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”, – AK vurğulayıb.

Hesabatda Azərbaycan qazının rəqabətqabiliyyətliliyi qeyd edilir. Hesabat müəllifləri bunu qazın qiyməti spot qiymətlərdən aşağı olan uzunmüddətli müqavilələrlə əlaqələndiriblər.

Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.

Əvvəlki məqalə

Rusiya Avropaya qaz ixrac edən “Şimal axını” kəmərini bağlayır –

Sonrakı məqalə

Virusun ən pis variantı gəldi –