“Avropa İttifaqı ilə yeni sazişin imzalanmasında Azərbaycana dəstək verəcəyik” –

Slovakiyanın XİN başçısı
17 Mart 2021 - 14:01

“Qonaqpərvərliyə və geniş müzakirələrə görə təşəkkür etmək istəyirəm”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Slovakiya xarici və Avropa işləri naziri İvan Korçok bildirib.

İ. Korçok deyib ki, Türkiyəyə səfərdən sonra Azərbaycana gəlib: “Keçmişdəki siyasi dialoq və əməkdaşlıq üzərində əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Prezident İlham Əliyevə təşəkkür edirik, çox faydalı əməkdaşlıq oldu. Biz regiondakı, Qarabağdakı vəziyyəti nəzərdən keçirdik. Mən ilk dəfə xarici işlər naziri kimi Azərbaycana səfər edirəm. Amma mən başqa statusda 20 il əvvəl Bakıda olmuşam. İndiki Bakının inkişafının şahidi oldum və bu, çox xoş bir təəssürat bağışladı”.

İ. Korçok qeyd edib ki, C. Bayramovla görüşdə ikitərəfli münasibətlər müzakirə olunub: “Slovakiyadan Azərbaycana hava yolu ilə 4 saat uçuş müddəti var. Amma bu məsafəni münasibətlərin inkişafında maneə kimi görmürük. Xarici işlər naziri Ceyhun Bayramovu Bratislavaya səfərə dəvət edirəm”.

Slovakiya xarici və Avropa işləri naziri nəzərə çatdırıb ki, iki il əvvəl Slovakiyanın Azərbaycanda səfirliyi açılıb: “Azərbaycanın da Slovakiyada səfirliyinin açılmasını istəyərdik”.

Qonaq deyib ki, Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələr qaneedici sayıla bilməz: “Slovakiyada çoxsaylı avtomobillər istehsal edir. Eyni zamanda Slovakiyada “ağıllı şəhərlər” yaradan startap layihələri həyata keçirilir. Bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilərik”.

İ. Korçok qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı yeni sazişin imzalanması vacibdir və Slovakiya bu sahədə Azərbaycana dəstək verəcək. (APA)