Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib

Son etirazların vəhşicəsinə yatırılmasında oynadıqları rola görə, İran Hüquq-Mühafizə Qüvvələrinin (LEF) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əyalət rəhbərləri (4 nəfər), habelə İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı, briqada generalı Kiyumərs Heydəriyə sanksiya tətbiq olunub.

Bu barədə Avropa İttifaqının (Aİ) bu gün yaydığı bəyanatda bildirilib.

Eyni zamanda, Aİ İranın dövlət televiziyası Press TV-ni məhbusların məcburi etiraflarının hazırlanması və yayımlanmasında məsuliyyət daşıdığını bəyan edib. Bundan əlavə, Aİ İran kiber polisinin rəhbəri Vahid Məhəmməd Naser Məcidi İran rejimini onlayn tənqid edən insanları özbaşına həbs etməkdə məsuliyyətinə görə siyahıya salıb.

Aİ həmçinin İranın daxili işlər naziri Əhməd Vahidiyə də sanksiya tətbiq edib. O, ciddi insan haqları pozuntularına yol verməkdə məsuliyyət daşıyır. Bu gün tətbiq edilən sanksiyalara səyahət qadağası və aktivlərin dondurulması daxildir. Bundan əlavə, Aİ vətəndaşlarına və şirkətlərinə bu fiziki və hüquqi şəxslərə vəsait ayırmaq qadağandır.

İranın insan haqları sanksiyaları rejiminə həmçinin daxili repressiya və monitorinq üçün istifadə oluna bilən avadanlıqların və telekommunikasiyaların ixracı qadağası da daxildir. İranda insan haqları sanksiyaları kontekstində Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalanların fiziki şəxslərin 126, qurumların sayı isə 11-ə çatıb.

“Avropa İttifaqı və onun üzv dövlətləri dinc nümayişçilərə qarşı davam edən geniş və qeyri-mütənasib güc tətbiqini pisləyir. Bu, əsassız və qəbuledilməzdir. Hər yerdə olduğu kimi, İranda da insanların dinc etiraz etmək hüququ var və bu hüquq bütün şəraitdə təmin edilməlidir. Aİ İranı dinc nümayişçilərə qarşı zorakılıqla repressiyaları dərhal dayandırmağa, saxlanılanları azad etməyə və internetə çıxış da daxil olmaqla sərbəst məlumat axınını təmin etməyə çağırır. Bundan əlavə, Aİ İranı ölənlərin və həbs olunanların sayını dəqiqləşdirməyə, məsul şəxsləri məsuliyyətə cəlb etməyə və bütün məhbusları lazımi proseduru təmin etməyə çağırır. Məhsa Əmininin öldürülməsi də müstəqil və şəffaf şəkildə araşdırılmalı və onun ölümündə rolu olan hər bir şəxs cavab verməlidir”, – bəyanatda deyilir. (APA)

Əvvəlki məqalə

Lavrovun xüsusi nümayəndəsi Paşinyanla Soçi görüşünü müzakirə edib

Sonrakı məqalə

Şəhid ailələrinə tikilən mənzil üçün rüşvət alınması prokuroru qəzəbləndirdi –