Avropa İttifaqı Trampın Yaxın Şərq sülh planını rədd edib

04 Fevral 2020 - 21:41

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərq sülh planını rədd edib. Qurum bu planla İsrailin fələstinlilərin daha artıq torpağını ilhaq edəcəyini bildirir.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Cozep Borrell açıqladığı bəyanatda qurumun İsrail dövləti və müstəqil, demokratik, suveren Fələstin dövlətindən ibarət olan qarşılıqlı razılaşdırılmış mümkün torpaq mübadiləsi ilə 1967-ci ildə sərhədləri əsasında qurulmuş iki dövlət prinsipinə sadiqliyini vurğulayıb.

Borrell bildirib ki, ABŞ-ın təşəbbüsü “beynəlxalq ictimaiyyətin dəstəklədiyi parametrlərərə ziddir”.

“Davamlı sülh və yekun status barədə razılıq tərəflərin müzakirələri yolu ilə mümkün ola bilər. Buraya sərhədlər və Qüdsün statusu, habelə təhlükəsizlik və qaçqın məsələsi daxildir” – deyə, Borrell bildirib.

ABŞ prezidenti Fələstinin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil dövlət elan edilməsini təklif edib.

Donald Tramp bunu ötən ay İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Ev görüşü zamanı bildirib. Plana əsasən İordan çayının qərb sahili xəritəsi yenidən müəyyən ediləcək və fələstinlilərə dövlətçilik yolu açılacaq.

Planı alqışlayan Netanyahu deyib ki, İordan çayının Qərb sahilinin əlavə ərazilərinin ilhaqını planlaşdırır.

Borrell İsrailin İordan vadisi və İordan çayının Qərb sahilinin ilhaqı planına görə dərin narahatlığını bildirib.

Tramp Fələstin ərazilərinin iki dəfə artacağını qeyd edib. Bunun müqabilində İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələri İsrailin ərazisi hesab edilməklə yanaşı, inşaat 4 il müddətinə dayandırılacaq.

“Planın qəbul edilməməsi yaşayış məntəqələri üçün ərazilərin itirilməsi olacaq. Fələstinlilərin də çıxış yolu yoxdur. Onlar atıq ərəb dünyasının dəstəyi və maliyyə yardımından məhrumdur. Bu baxımdan al və ya rədd etdən başqa variant yoxdur. Eyni zamanda bu onlar üçün ən yaxşı variant ola bilər” , Vaderbilt universitetindən Tomas Şvarts bildirib.

Daha əvvəl ABŞ İsrailin Qolan yüksəkliklərinin ilhaqını tanımış və səfirliyini Tel-Əvivdən Qüdsə köçürmüşdü.

Fələstinlilər plana etiraz edərək, ərəb dünyasını planı boykot etməyə çağırıb.

80 səhifəni əhatə edən planın 50 səhifəsi siyasi plan, iyul ayında elan edilən 30 səhifəsi isə fələstinlilər, İordaniya və Misir üçün 50 milyard dollarlıq iqtisadi canlanma planıdır. (Amerikanın Səsi)