“Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil”-Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Səudiyyə Ərəbistanı və Pakistan ilə imzaladığı üçtərəfli müdafiə müqaviləsində Misirin iştirakını istisna etməyib.

AZƏRTAC xəbər verir ki, “Əl-Cəzirə” telekanalına müsahibə verən Türkiyə lideri, “Məkkə Müdafiə Sazişi”nin digər ölkələr üçün açıq olduğunu qeyd edib.

Türkiyənin dövlət başçısı Ankaranın, Ər-Riyadın və İslamabadın əldə etdiyi razılaşmanı “dünyaya vacib mesaj” adlandırıb.

O qeyd edib ki, sözügedən sənədi imzalayan ölkələr xarici təcavüz halında birlikdə hərəkət etməyə öhdəlik götürüblər.

Türkiyə-ABŞ əlaqələrinə münasibət bildirən Prezident Ərdoğan bildirib ki, “Ağ Ev rəhbərindən beşinci nəsil F-35 təyyarələri ilə bağlı zəmanət alıb”. “Prezident Donald Trampın vədini yerinə yetirəcəyini gözləyirik”, – deyə Türkiyə lideri qeyd edib.

Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı dialoqa gəldikdə, Türkiyə lideri deyib: “Avropa Türkiyəni Aİ-yə qəbul etmək istəyi göstərmir. Aİ-yə qoşulmaq bizim üçün prioritet məsələ deyil. Əgər Ankara Aİ üzvlüyünü qazanmasa, uduzan Avropa olacaq”.

Qonşu Suriyadakı vəziyyətlə bağlı sualı cavablandıran Türkiyə Prezidenti Ankara ilə Dəməşq arasındakı münasibətlərin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti tezliklə Suriyaya səfər edəcəyini açıqlayıb. “Dəməşq problem və çətinliklərlə mübarizədə təkbaşına qalmayacaq. Suriyada sabitliyi qorumaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Prezident Ərdoğan əmin edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.