Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlar açıqlayıb

19 Fevral 2021 - 08:20

Fevralın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilən şikayətlər üzrə qərarlar açıqlayıb.

“Turan”ın məlumatına görə, Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş müxtəlif hüquqların pozuntusu barədə iddiaları təsdiqləyən məhkəmə Azərbaycan dövlətinə cərimələr kəsib.

Həbsin və həbs müddətinin uzadılmasının qanunsuzluğu iddiaları irəli sürmüş Şahin Novruzluya 22 min avro, Məmməd Əzizova 21 min 500 avro təzminat ödənməsinə qərar verilib.

“Nida” Vətəndaş Hərəkatının fəalları olmuş bu şəxslər 2013-cü ildə tutulublar. Məmməd Əzizov 7 il 6 ay, Şahin Novruzlu 6 il azadlıqdan məhrum edilib, sonra əfv sərəncamı ilə azadlığa çıxıblar.

Fəallar Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Bəxtiyar Quliyev, İlkin Rüstəmzadə ilə birgə əsasən kütləvi iğtişaş təşkil etmə cəhdində təqsirli biliniblər.

Fatma Qəniyeva və başqa 17 nəfərin şikayəti mülkiyyət hüququ ilə əlaqəlidir. Sabunçu rayonundakı bağ sahələrinin əllərindən alındığını bildirən ərizəçilərin hər birinə 13 min avro təzminat veriləcək.

Dövlətin 5350 avro təzminat verəcəyi İlqar Feyzov şikayətində iddia edib ki, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanıb.