Avstraliya polisi 24 milyon dollar dəyərində “patı” və kokain ələ keçirib

14 Avqust 2021 - 10:12

Avstraliyanın Cənubi Uels ştatının polisi narkotik maddələrin istehsalı üzrə laboratoriya aşkarlayıb. Laboratoriyadan ümumi dəyəri 24 milyon dollardan artıq olan metamfetamin və kokain müsadirə edilib.

Ştatın polis idarəsi xəbər verir ki, qadağan edilmiş narkotiklərin dövriyyəsinə görə yeddi nəfər həbs olunub.

Polisin yaydığı məlumatda deyilir: “Narkotiklərlə mübarizə şöbəsinin detektivləri gizli laboratoriyanın fəaliyyətini aşkar edən əməliyyatdan sonra yeddi nəfərə qarşı ittiham irəli sürüblər. Axtarış zamanı polis əməkdaşları ümumi dəyəri 33 milyon Avstraliya dolları (təqribən 24,3 milyon ABŞ dolları) olan 150 kiloqram metamfetamin və 14 kiloqram kokain, həmçinin 1,5 milyon Avstraliya dolları və narkotik maddələrin istehsalı üçün böyük miqdarda kimyəvi maddələr müsadirə ediblər”.

Həbs edilənlərin hamısına qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkar qrupun yaradılması maddələri ilə ittiham irəli sürülüb.