Avstriyada karantinə qarşı etiraz aksiyası keçirilib, polislə toqquşma olub

11 Aprel 2021 - 10:04

Artıq ənənə halını alan və hər həftəsonu Avstriya paytaxtında hökumətin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi məhdudlaşdırıcı tədbir və karantin qaydalarına qarşı növbəti icazəsiz etiraz aksiyaları olub.

Təşkilatçıların “bütün nümayişlərin anası” adı verdiyi budəfəki aksiya indiyədək olan etiraz yürüşlərindən öz aqressivliyi ilə seçilib. Polisin mütəşəkkil şəkildə tədbirlər görməsini əngəlləmək üçün aksiyadan az müddət öncə sosial şəbəkələr üzərindən öz tərəfdarlarına konkret məkan və vaxtla bağlı məlumat verən təşkilatçılar bu dəfə Mərkəzi Dəmiryolu Vağzalının yaxınlığındakı parkı toplaşma nöqtəsi kimi seçiblər. Polisin aksiyanın qeyri-qanuni olduğunu və ərazini tərk etməyə dair çağırışlarına məhəl qoymayan aksiya iştirakçıları polisin həmin ərazidə yaratdığı mühafizə kordonunu yarmağa çalışıb. Bu zaman aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib, saxlanılanlar var.

Vyana Federal Polis Direktorluğunun sözçüsü Markus Dittrixin mətbuata verdiyi açıqlamaya görə hücum və təxribatların qarşısını almaq üçün polis əməkdaşları gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olub.

Aksiya başa çatdıqdan sonra verilən məlumata görə, təxminən üç min nəfərin toplaşdığı aksiyada azı on nəfər polis tərəfindən saxlanılıb. Hər icazəsiz aksiyada olduğu kimi bu dəfə də şəxsiyyəti müəyyənləşdirildikdən sonra yüzlərlə aksiya iştirakçısına qarşı inzibati cəza tədbirlərinin görüləcəyi gözlənilir.