Avstriyada may ayında karantin qaydaları yumşaldıla bilər

03 Aprel 2021 - 14:57

Avstriyanın Federal Kansleri Sebastian Kurts Pasxa bayramı münasibətilə ölkə əhalisinə videomüraciətində may ayında idman, mədəniyyət, qastronomiya və turizm sahələrində karantin qaydalarının yumşaldılacağını mümkün hesab edib.

Hökumət başçısı yay aylarında hamının normal həyata dönəcəyinə inam ifadə edib. Bununla belə, o, yaya kimi dövrün hamı üçün gərgin, qeyri-müəyyən və çətin ola biləcəyini söyləyib. Sebastian Kurts ölkə əhalisini test imkanlarından istifadə etməyə və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Qeyd edilib ki, ölkənin şərqində xəstəxanaların reanimasiya şöbələrində koronavirus xəstələrinin sayı həyəcanverici həddə çatıb və buna görə də Aşağı Avstriya, Vyana və Burqenland əyalətlərində aprelin 11-dək sərt karantin rejimi tətbiq olunur. Ölkədə ümumi yoluxma sayı artsa da, S. Kurts ölkənin qərb əyalətlərində də karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olmadığını ifadə edib.

Hazırda Avstriyada gündəlik yoluxma sayı 3200 nəfərə çatıb. Virusun B1.1.7 variantının Avstriyada sürətlə yayılması xüsusilə paytaxt Vyanada yoluxma hallarına ciddi təsir göstərib. Hər 100 min sakinə son bir həftədə yeni yoluxma hallarının sayı paytaxtda 300-dən yuxarıdır və xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilən xəstələr arasında gənclərin sayı tədricən artmaqdadır.