Avtobus biletlərinin onlayn satışı 1,7 dəfə artıb– 8 ayda 837 min bilet

Azərbaycanda sərnişinlərin avtobus biletlərini onlayn almağa marağı əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında “biletim.az” portalı vasitəsilə 837 337 bilet onlayn qaydada əldə edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Onlayn bilet satışının ümumi satışlardakı payı da artıb. Belə ki, bu ilin ilk 8 ayında onlayn biletlərin xüsusi çəkisi 42,2 faiz təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 28 faiz olub.

Sərnişinlərin səfərlərini əvvəlcədən planlaşdıraraq bilet alması da genişlənib. 2025-ci ilin yanvar-avqust aylarında qabaqcadan satılan biletlərin xüsusi çəkisi 33,2 faiz olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 44,6 faizə yüksəlib.

AYNA hesab edir ki, bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının yüksəldiyini və səfərlərin planlaşdırılması zamanı onlayn bilet alma imkanlarından daha fəal istifadə edildiyini göstərir.

Hazırda “biletim.az” portalı vasitəsilə 58 məntəqədən 95 istiqamət üzrə bilet almaq mümkündür.

Sistemə ümumilikdə 375 reys və 423 nəqliyyat vasitəsi qoşulub.

AYNA bildirir ki, onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə edəcək.

Agentlik vətəndaşlara səfərlərini daha rahat və təhlükəsiz şəkildə planlaşdırmaq üçün avtobus biletlərini əvvəlcədən “biletim.az” portalı vasitəsilə əldə etməyi tövsiyə edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.