“Aygün Bəylərin həyat yoldaşı skripkaçı idi…” –Müəllimi Elxan Müzəffərov

“Biz bir kəndçiyik, özümüz də qonşuyuq. Mən özüm də Suraxanıda yaşayıram. Aygün də Suraxanıda anadan olub, burada böyüyüb, indiyə qədər də burada yaşayırdı. Cənab prezident ona Şəhidlər xiyabanına yaxın ərazidə ev vermişdi. Aygünə musiqidən çox kömək etmişəm. Muğamlardan bir az kasad idi, ona görə də mən onunla evdə məşq edirdim. Ona Suraxanıda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində dəsr keçirdim. Ora Xeyransa, Ağaxan Abdullayev də gəlirdi. Mənim onunla işbirliyim bu olub”.

Azpost.info bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış tar ifaçısı, Əməkdar artist Aygün Bəylərin müəllimi və qonşusu Elxan Müzəffərov deyib. O daha sonra əlavə edib.
“Onun 5 bacısı var, beşi də oxuyur. Amma heç biri Aygün kimi tanınmır. El şənliklərinə, tədbirlərə gedirdi. Təkcə Zümrüdlə duetlər oxuyurdu, efirlərə çıxırdı. Heyf ki, əcəl onu yaxaladı. Məni də son konsertinə dəvət etmişdi, qızımla getmişdim. Ürəyimə damdı ki, bu Aygünün son konsertidir. Sanki bizimlə vidalaşırdı. Anşlaq keçdi, heç yer də yox idi. Aygün çox vəfalı qız idi. Bizim görüşümüz tez-tez baş tuturdu. Mənim 80 yaşım var. Ata evinə gələndə zəng edib evdə olub-olmadığımı soruşurdu. Bir də görürdüm ki, qapı açılır, Aygün içəri girir. Hər dəfə də gələndə məsləhət alırdı məndən. Mən də bildiklərimi ondan əsirgəmirdim. Ölüm xəbərini eşidən kimi evlərinə getdim. Bacıları məni görüb ağladılar. Məni yaxşı tanıyırlar. Mən onlardan qabaq ağladım. İncəsənətimiz üçün böyük itkidir. 48 yaş nədir ki? O hələ bundan sonra ad qazanacaqdı. Gələcəyi qabaqda idi. Qismət olmadı.. Ən çox paxıllıq elə bu sənətdədir. Mən bir müəllim kimi deyə bilərəm ki, indiki müğənnilərin, xanəndələrin içində Aygün kimi oxuyanı yoxdur. O qadın kimi yox, kişi kimi oxuyurdu. İstedadın varsa sən də oxu da! Niyə paxıllıq edirsən ki?! Aygün niyə paxıllıq etmirdi? Çünki təmiz adam idi, başını aşağı salıb, öz işi ilə məşğul idi. Sənətdə nə etmişdisə öz gücü ilə etmişdi. Arxası yox idi. Biz də əlimizdən gələn hər şeyi edirdik. Aygünün repertuarı savadlı musiqilərdən ibarət idi. Mənə bir müğənni göstər ki, simfoniya yazsın?! O sonuncu konsertində simfoniya yazmışdı, onu da oxudu. Müğənnilərin çoxu heç bilmir ki, not nədir?! O hər şeyin ən gözəlinə layiq idi” deyə sənətkar bildirib.
Elxan Müzəffərov mərhum müğənninin şəxsi həyatından da danışıb.
“O vaxtları ayrıldı. Kişilər belədir də. Hamısı təmiz olmur ki! O özü də musiqiçi idi, skripka ifa edirdi. O vaxt gitara ifaçısı Vilayət var idi. Almaniyada yaşayırdı, maşının altında qalmışdı. Aygünün həyat yoldaşı həmin şəxsin qardaşı idi. Aralarında nə olubsa onu deyə bilmərəm. Bizim Aygünlə aramızda pərdə var idi. Heç vaxt şəxsi həyatı haqda danışmazdı” deyə Elxan Müzəffərov deyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.