Aprelin 3-11-də Rusiyanın paytaxtı Moskvada keçirilən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir.
40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak etdiyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar.
Kişilərin yarışında Əliş Nəzərov və Dadaş Dadaşbəyli 102 kiloqram çəki dərəcəsində mübarizə aparıblar. Əliş Nəzərov toplam 315 kiloqram (141+174) nəticə göstərib və 13-cü yeri tutub.
Dadaş Dadaşbəyli isə böyük uğur qazanıb. Atletimiz birdənqaldırma hərəkətində 177 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Təkanla qaldırmada 202 kiloqram nəticə göstərən idmançımız 7-ci olub. Ümumilikdə, 279 kiloqram (177+202) nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bundan əvvəl Boyanka Kostova birdən qaldırma hərəkətində 95 kiloqram nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kiloqram ilə qızıl medal qazanıb.
Toplam 211 (95 + 116) kiloqram nəticə göstərən B.Kostova yekun sıralamada Avropa çempionatının qızıl medalına sahib çıxıb.