Azərbaycan onlayn dərslərə hazırdırmı? –

RƏYLƏR
11 Sentyabr 2020 - 17:06

Azərbaycanda 2020-21-ci tədris ilinin başlamasına sayılı günlər qalıb. Amma dərslər ilk dövrlər, əsasən, onlayn keçilməlidir.

Rəsmi açıqlamaya görə, yalnız I-IV sinif şagirdləri sentyabrın 15-dən həftədə iki-üç dəfə adi qaydada məktəbdə dərs keçəcəklər. V-VIII siniflərin adi qaydada dərsləri oktyabrın 1-dən, IX-X siniflərinki isə oktyabrın 15-dən başlamalıdır.

Beləliklə, bir çoxlarının fikrincə, bu il məktəb hazırlıqlarında evlərdə elektrik, kompüter, internet kimi texniki təminatın səviyyəsi də xüsusi önəm daşıyır. Bəzi mütəxəssislər hesab edirlər ki, ölkədə təhsilin informasiyalaşması ilə bağlı dövlət proqramı qəbul edilməyib, buna görə də təhsildə informasiya kommunikasiyaları texnologiyalarının (İKT) tətbiqi kompleks xarakter daşımayıb. Onların fikrincə, məktəblərin genişzolaqlı internet təminatı, hər şagirdə düşən kompüterlərin sayı və təhsildə rəqəmsallaşma sahəsində problemlər var.

Təhsil sahəsi üzrə ekspert Məlahət Mürşüdlü Azadlıq Radiosuna deyib ki, onlayn dərs formatında texniki təminat və ailənin maddi vəziyyətindən çox şey asılıdır:

“Çox ciddi problemlər var. Ailə var ki, iki uşağı şagirddir, fərqli siniflərdə oxuyurlar, amma evdə kompüter, planşet və ya noutbuk yoxdur. Bu isə o deməkdir ki, uşaqlar onlayn dərslərdə iştirak edə bilməyəcəklər”.

Ekspert əlavə edib ki, belə ailələri Təhsil Nazirliyi müəyyən etməli, onlara hökumət yardmı olunmalıdır.

M.Mürşüdlü vurğulayıb ki, 2019-2020-ci tədris ilində məhz texniki təminat olmaması üzündən minlərlə şagird təhsildən kənarda qalıb (koronavirusla bağlı Azərbaycanda dərslər martın 3-dən dərs ilinin sonuna kimi dayanmışdı. Dərslərin onlayn keçildiyi bildirilirdi): “Bu özünü rayonlarda, Bakıətrafı kəndlərdə göstərdi. Daha bir problem internetin sürətinin çox aşağı olması, tez-tez internet kəsintisi baş verməsidır”.

Hələlik, bu fikirlərə, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən münasibət almaq mümkün olmayıb.

Amma Milli Məclisin sədr müavini Fəzail İbrahimli “Turan” agentliyinə bildirib ki, indiki dərs prosesinin problemlərini Təhsil Nazirliyi də bilir, müəyyən məsələlər həllini tapar:

“Bu, bir qanunla aradan qaldırılası məsələ deyil. Valideynlər övladlarına təhsillə bağlı lazım olan tədbirləri görməlidirlər. Burada aztəminatlı ailələrin problemləri yaranır, fikrimcə, aidiyyəti qurumlar da bu ailələrə münasibətdə öz sözünü deyəcək”.

İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov isə deyib ki, onlayn dərslər başlanır deyə, internetə üç-dörd qat çox müştəri qoşulacaq düşüncəsi doğru deyil: “Dəyişən bir şey olmayacaq. Onsuz da qoşulan qoşulub. Məktəb başlayır deyə, bizim ailələrin bir çoxu gedib uşağına kompüter alası, internet çəkdirəsi deyil”.

V.Qasımov əlavə edib ki, bu, imkanlara bağlı məsələdir: “Ola bilər ki, əhalinin 30-35 faizinin imkanı yaxşıdır. Amma 65-70 faiz insan kasıblıq səviyyəsində yaşayır. İkincisi, internet çəkdirmək bir-iki gün içində olmur”.

Onun fikrincə, paytaxt Bakının bəzi yerlərində və ümumilikdə Azərbaycanın bəzi regionlarında internetin sürəti çox aşağıdır.