“Azərbaycan Qarabağdan hücuma keçəcək, əraziləri işğaldan azad edəcək” –

ZƏRDÜŞT ƏLİZADƏ (MÜSAHİBƏ)
16 İyul 2020 - 20:54

Politoloq Zərdüşt Əlizadə Reyting.az-a müsahibəsində Tovuz rayonu istiqamətində gedən qanlı döyüşlər və bunun nəticələrinə dair suallara cavab verib.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

– Mən ehtimal edirəm ki, bu qanlı qarşıdurma Nikol Paşinyanın öz təşəbbüsüdür. O, istəyir ki, hadisələri qabaqlasın. Bununla Paşinyan sanki Azərbaycanın Dağlıq Qarabağ cəbhəsində hücuma keçməsinin qarşısını almağa çalışır.

Ehtimal var ki, Azərbaycan Dağlıq Qarabağ cəbhəsində hücuma keçəcək, bəzi əraziləri işğaldan azad edəcək və bu zaman Rusiya Paşinyan iqtidarına kömək etməyəcək. Məhz bu ehtimalı nəzərə alan Paşinyan hadisələri qabaqlayır. Və eyni zamanda bu addımı ilə çalışır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini qazansın.

Amma Azərbaycan ağıllı davranacaqsa, Qərb istiqamətində Ermənistan ərazisinə bir addım belə girməyəcək. Daha çox müdafiə döyüşləri aparıb mövqelərini qoruyaraq dövlət sərhədini mühafizə edəcək. Beləcə, sülh əldə ediləcək. Əks təqdirdə, əgər indiki döyüşlər davam edəcəksə, Ermənistan tərəfi çalışacaq ki, təxribat edərək Azərbaycanı Ermənistan ərazilərinə çəksin. Amma bu zaman Azərbaycan ermənilərə Qarabağ cəbhəsində zərbə endirəcək.

– Siz, Azərbaycanın Qarabağ cəbhəsində aktiv hərbi fəaliyyətə keçəcəyini düşünürsünüz?

– Mən bilən qədər Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək. Bunlardan biri İran sərhədi boyunca Cəbrayıl-Zəngilan, digəri isə Kəlbəcər istiqamətində olacaq. Bu zaman mümkündür ki, Azərbaycan bir neçə rayonu işğaldan azad etsin. Amma bu anda Rusiya prosesə qoşularaq hərbi əməliyyatların davam etməsinin qarşısını alacaq. Beləcə, yenidən sülh danışıqları məsələsi gündəmə gələcək.

Mən, bu fikirlərimi təhlil və analizlərimin nəticəsi olaraq deyirəm.

– Azərbaycan Qarabağda Emənistan ordusuna sarsıdıcı zərbə endirsə, Yerevanda nələrin baş verəcəyini təsəvvür edirsinizmi?

– Bəli, edirəm. Yerevanda məğlubiyyətin günahını yıxacaqlar Nikol Paşinyanın üstünə. Generallar Paşinyana anladacaq ki, daha bəsdir, istefa vermək lazımdır. Nikol da çıxıb elan edəcək ki, istefa verirəm. Və məsələ bitəcək.

Açığı, mən hadisələrin inkişafını belə görürəm. Bunu Putinin mövqeyi, Paşinyana münasibəti, proseslərin gedişi də göstərir. Məncə, Putinin səbri tükənir və Nikolun devrilməsinə qərar verib. Nikol Paşinyan da bunu bildiyindən əks oyun aparır.

– Paşinyanın Putinə qarşı əks oyunlar aparmaq imkanı varmı?

– Sözsüz ki, əks oyun üçün gərək əlində imkan və resurs olsun.

Qərbin Paşinyana dəstəyi yoxdur. Çünki Qərb görür ki, Emənistan Rusiyanın forpostu, ön istehkamıdır. Rusiyanın istehkamını müdafiə etmək Qərbin nəyinə lazımdır? Çox da sözdə deyir ki, mən demokratam, korrupsiyaya qarşı mübarizə aparıram. Bəyəm hansısa ölkədə korrupsiyanın olması və ya olmaması Qərbin vecinədir ki… Qərbin özündə kifayət qədər korrupsiya var.

– Demək istəyirsiniz ki, Paşinyan Rusiyanın dəstəyi olmadan Azərbaycana hücum etmək cəsarətində bulunur?

– Bəli. Əgər Paşinyan öz oyununu aparırsa, buna görə icazə istəmək lazım deyil. Mən də ehtimal edirəm ki, öz oyununu aparır.

– Bu oyun hələ davam edəcək?

– Hadislərin məntiqi göstərir ki, Paşinyanı oturduğu kreslodan mərhum etmək üçün Azərbaycan Qarabağda əməliyyatlara başlamalıdır.

– Rusiya və Türkiyə Xarici işlər nazirlərinin Tovuz cəbhəsində baş verən döyüşlərə reaksiyasını necə şərh edirsiniz?

– Rusiya prosesə qarışmayacaq – Nikol Paşinyan devrilənə qədər. Rusiya nə üçün qarışsın?

Türkiyəyə gəldikdə, siyasi bəyanat verərək bizi dəstəkləyib. Çox gözəl, qardaş ölkədir. Və bu, çox əhəmiyyətli məsələdir, mesaj verilir ki, Azərbaycan tək deyil.

Rusiya Xarici işlər naziri Sergey Lavrovun bəyanatı isə riyakar bəyanatdır. Deyir, döyüşləri dayandırın, danışıqlar aparın. Bəyəm, görmür ki, danışıqlar prosesi yoxdur?

Lavrov deməlidir ki, dayanın, amma bir var, möhkəm demək, bir də var, xala xətrin qalmasın mənasında demək. İndi Rusiyadan gələn bəyanatlar daha çox “xala xətrin qalmasın” prinsipi ilə verilir.

– Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini necə izah etmək olar?

– KTMT-nin prosesə müdaxilə etməsi nəyinə lazımdır? Üstəlik, KTMT-də Rusiyadan başqa Ermənistanı dəstəkləyən dövlət yoxdur. Nə Qırğızıstan, nə Tacikistan, nə Qazaxıstan, nə də Belarus. Əksinə, bu ölkələr Azərbaycanı dəstəkləyirlər.

– Siz, münaqişənin həllini necə görürsünüz?

– Mən bu barədə fikrimi açıq deyib, Alland adaları modelini təklif etmişəm. Bununla bağlı fikirlərimi yazmışam. Amma hakimiyyətlər, eləcə də Rusiyanın fikri tam fərqlidir.

İndiki halda mənim məntiqim deyir ki, Azərbaycan Qarabağda erməni ordusunu vuracaq. İndiki qanlı atışmalar davam etsə, görəcəksiniz ki, Qarbağda ermənilərə zərbələr endirildi.

Azərbaycan əhalisi Ermənistan əhalisindən 5 dəfə çoxdur, Azərbaycan iqtisadiyyatı erməni iqtisadiyyatından 3 dəfə böyükdür. Ordu isə ancaq parad üçün deyil.