“Azərbaycan-Türkiyə əməkdaşlığı hər hansı ölkəyə qarşı yönəlməyib”-

Qüdrət Həsənquliyev
15 Sentyabr 2021 - 15:29

“Biz belə paradı 2018-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Bakının azad olunmasında iştirak etmiş Qafqaz İslam Ordusunun şərəfinə keçirmişdik. 2020-ci ildə də Dağlıq Qarabağın azad olunmasına verdiyi dəstəklə əlaqədar Zəfər paradında qardaş Türkiyənin Prezidenti İştirak edirdi”.
Bunu APA-ya açıqlamasında Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə yürüşdə iştirak edən Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, bu onu göstərir ki, Azərbaycan və Türkiyə ayrı-ayrı dövlətlər olsa da, biz bir millətik: “Bütün məsələlərdə Azərbaycan və Türkiyə eyni mövqedən çıxış etməlidir, çünki biz haqlıyıq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında demişdi ki, Azərbaycanı ona görə müdafiə etmirik ki, bizim qardaşımızdır. Ona görə müdafiə edirik ki, Azərbaycan haqlıdır. Biz bütün beynəlxalq məsələlərdə haqlının yanındayıq, ədalətli olmağa çalışırıq. Pandemiya dövründə gördük ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri bütün imkanlarını, Qoşulmama Hərəkatına üzv olan ölkələri səfərbər etməyə çalışdı. Azərbaycanın təşəbbüsü ilə vaksinlərin kasıb ölkələrə də paylanması, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə kömək etməsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyası da keçirildi. Yəni biz hər zaman ədalətin, haqqın yanında olmağa çalışmışıq. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq hüququ müdafiə edib”.

BAXCP sədri qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı hər hansı ölkəyə qarşı yönəlməyib: “Əslində bu, bölgə, inkişaf və əməkdaşlıq üçün gözəl bir nümunədir. Azərbaycan-Türkiyə qardaşlığı digər türk dövlətlərinin də bir araya gəlməsinə töhfə verir. Tezliklə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Türk Dövlətlər Birliyinə çevrilməsinin şahidi olacağıq, Türkmənistan da ora qoşulacaq, 6 türk dövləti bir yerdə olacaq. Bu, regional, beynəlxalq təhlükəsizliyə ciddi töhfə verəcək. Bu, əməkdaşlıq, xalqların rifahı üçün imkanlar yaradacaq. Bu, həm də digər ölkələr, xalqlar üçün gözəl əməkdaşlıq nümunəsidir. Ona görə də Azərbaycan-Türkiyə dostluğu həm Türk Dünyası, həm region, həm də dünya üçün lazımdır. Mən hesab edirəm ki, biz bu gün də bunu nümayiş etdiririk. Böyük ehtiram hissi ilə həyatlarını Azərbaycanın azadlığı qurban vermiş qardaşlarımızı anırıq. O qardaşlarımıza bir vəfa borcumuzdur ki, bura gələk. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hər il aprelin 24-də qəhrəman, xilaskar Türk əsgərinin Anım günü kimi bu xiyabanı ziyarət edir, öz vəfa borcumuzu yerinə yetiririk. Allah Bakının azadlığı uğrunda həyatından keçmiş bütün qəhrəmanlara rəhmət etsin. Biz onların qarşısında baş əyirik”.