Azərbaycan və Ermənistan XİN başçıları Qarabağı və koronavirusu müzakirə etdilər –

Həmsədrlər atəşkəslə bağlı bəyanat verdilər
21 Aprel 2020 - 23:04

Bu ilin 21 aprel tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinindənverilən məlumata görə, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

Görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.

Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar. Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.

Görüşlə bağlı Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti –  Fransa və Endryu Şofer – ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar və aprelin 21-də keçirilən ortaq video konfrans da bunlardan biridir. Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər.

Onlar, həmçinin, yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər.

Nazirlərin üzbəüz görüşləri və Cenevrədəki  razılaşmaya uyğun olaraq  həmsədrlərin bölgəyə səfərləri də təxirə salınıb. Buna baxmayaraq, bu məsələlərin həyata keçirilməsi üçün lazımi işlər davam edir.

Həmsədrlər atəşkəs rejiminə ciddi şəkildə əməl olunmasının və mövcud vəziyyətdə təxribatçı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayaraq, tərəfləri gərginliyin daha da azaldılması üçün tədbirlər görməyə çağırıblar.

Tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırkı şəraitdə davam etdirdiyi işlərdən məmnun olduqlarını bildirib, monitorinqlərin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.

Siyasi sərhədlərə baxmadan bütün bəşəriyyətin qarşısında duran və hər bir insan həyatının dəyərli olduğunu xatırladan böyük çətinlikləri nəzərə alaraq Xarici İşlər Nazirləri və həmsədrlər qlobal pandemiyaya qarşı cavabın sülh prosesinə yaradıcı və konstruktiv təkan verəcəyini ümid etdiklərini bildiriblər.

Həmsədrlər BMT Baş katibinin mövcud sağlamlıq böhranı dövründə qlobal atəşkəs tədbirlərinə dair martın 23-dəki müraciətinə və həmsədrlərin martın 19-da verdikləri bəyanata diqqət çəkiblər.

Xarici İşlər nazirləri və həmsədrlər yaxın əlaqədə qalmağa və ən qısa zamanda üzbəüz müzakirələri davam etdirməyə razılaşıblar.

COVID-19 pandemiyası nəticəsində yaranan fövqəladə vəziyyətə görə əvvəlcədən razılaşdırılmış humanitar təsvirlərin icrasının təxirə salınması etiraf edilib.