Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Sazişə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür. Seyidov bildirib ki, Saziş Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib. (APA)