Biznesmenlərin 15 ildir gözlədiyi qanun hazırdır –

Hökumətə təqdim olunacaq - RƏSMİ
18 Noyabr 2021 - 17:30

Rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsini özündə ehtiva edən Rəqabət Məcəlləsi qısa müddətdə hökumətə təqdim olunacaq.

Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bunu Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla yanaşı dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsinin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.

Rəis müavini təbii inhisarların fəaliyyətinə nəzarət, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, istehlak bazarına nəzarət sahəsinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib, Dövlət Xidmətinin rəqamsallaşmaya üstünlük verməsinin insan faktorunun azalmasına və obyektivliyin artırılmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini ehtiva edən ədalətli və azad rəqabət mühitinin qorunması, istehlakçı məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Dövlət Xidmətinin strateji hədəfləri kimi müəyyən olunub.

2006-cı ildən Milli Məclis Rəqabət Məcəlləsinin layihəsini müzakirə edib. Həmin ildə layihə birinci oxunuşdan keçib. 2007-ci ildə layihə bir sıra dəyişikliklərlə ikinci oxunuşdan da keçib. Lakin qanun layihəsi 3-cü oxunuşa çıxarılmayıb. 15 ildir ki, çox vacib sayılan bu layihə qəbul olunmur. Daha sonra 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni məcəllə layihəsinin hazırlandığını elan edib. 2017-ci ildə İqtisadiyyat Nazirliyi də yeni layihənin hazırlandığına dair məlumat açıqlayıb. Nəhayət, 2019-cu ildə Prezidentin sahibkarlığın inkişafı sahəsində əlavə tədbirlərlə bağlı sərəncamında Rəqabət Məcəlləsinin hazırlanması bir daha hökumətə tapşırılıb.