“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın əsas prioritetləri açıqlanıb.
APA-nın məlumatına görə, AMEA-nın ümumi yığıncağında Akademiya prezidenti Ramiz Mehdiyev bildirib ki, elmi-tədqiqatların prioritetləri sosial-iqtisadi mədəni, ictimai problemlərin həllinə yönəldilməlidir: “Prioritet sırasında elm sahəsində idarəetmə sisteminin, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də yer alıb. Digər prioritetlər yüksək ixtisaslı kadrların hazırlanması, eyni zamanda elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, yeddinci – elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi və s.-dir”.
Ramiz Mehdiyev qeyd edib ki, təqdim edilən proqram müasir şəraitdə Akademiyada əsaslı islahatların həyata keçirilməsində mühüm rol oynayacaq: “Akademiyanın nizamnaməsi, onun fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi sənədlər mühüm sənəddir. Ölkənin sürətli-iqtisadi inkişafı, cəmiyyətin bütün istiqamətlərinin əsaslı şəkildə yeniləşməsi, dövlət quruculuğu sahəsindəki nailiyyətlər elmi fəaliyyətin idarə edilməsi baxımından köklü islahatların həyata keçirilməsi zərurətini yaradıb. Ona görə də Akademiyanın nizamnaməsi yeni tələblər əsasında hazırlanıb və 2014-cü ildə prezident İlham Əliyev tərəfindən təsdiq olunub”.
Akademik qeyd edib ki, “Elm haqqında” qanunun verdiyi imkanlardan daha geniş istifadə etməklə AMEA-nın qarşısında duran vəzifələrin həllinə nail olunmalıdır: “Buna görə də nizamnamədə dəyişikliklərin edilməsi vacibdir. Hazırkı şəraitdə həm Akademiya, həm də ayrılıqda hər bir elmi müəssisə, şöbə, laboratoriya qarşısında duran vəzifələrə yenidən baxmalıdır. Onların araşdırdıqları problemlər, o cümlədən prioritetlər cəmiyyət quruculuğuna və ölkənin inkişaf strategiyasına uyğun olaraq yenidən müəyyənləşdirilməlidir. Qarşıya qoyulan yeni vəzifələr, prioritet elmi istiqamətlər kontekstində Akademiyanın və onun elmi qurumlarının strukturlarının təkmilləşdirilməsi üçün əsaslı tədbirlər həyata keçirilməlidir. Fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, xüsusilə innovasiya fəaliyyətinin genişləndirilməsi üçün intellektual əmək resurslarından daha səmərəli istifadə edilməlidir. Elmi işçilərin attestasiyası həyata keçirilməli və onların səmərəli yerləşdirilməsi təmin edilməlidir”.