Azərbaycanda Hitlerlə döyüşmüş cəmi 264 veteran sağdır –

Qələbənin 75 illiyini kimlər qarşılayacaq?
04 May 2020 - 20:50

Azərbaycanda ən yaşlı İkinci Dünya Müharibəsi veteranının 108, ən cavanının isə 94 yaşı var.

Azpost.info  bildirir ki, bu barədə “AzeriDefence” hərbi jurnalına açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov məlumat verib.

“Hazırda respublikada İkinci Dünya Müharibəsində, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdən 264 nəfər həyatda qalıb. Ötən bir ildə 100 veteran dünyasını dəyişib. Rayonların bəzilərində artıq İkinci Dünya Müharibəsi veteranı qalmayıb”, – deyə C. Xəlilov bildirib.

Təşkilat rəsmisi bildirib ki, Prezident İlham Əliyev bu günlərdə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilməsi sərəncam imzalayıb. Cəlil Xəlilovun sözlərinə görə, veteranlar verilən yardım ötən illə müqayisədə 500 manat artırılıb. Ümumilikdə, 750 manat birdəfəlik yardımı ölkə üzrə 7000 nəfərə yaxın şəxs alacaq.

Cəlil Xəlilov faşizm üzərində qələbənin 75 illik yubileyi ilə əlaqədar müharibə veteranlarının, arxa cəbhə iştirakçılarının, habelə ictimaiyyət nümayəndələrinin təltif edilməsi məqsədi ilə Rusiyadan Azərbaycana 1000 ədəd “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” yubililey medalının göndərildiyini bildirib. Müharibə iştirakçılarına medallar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri, ictimaiyyət nümayəndələrinə, müharibə mövzusunda yazan yazıçılara, şairlərə, mədəniyyət xadimlərinə, tarixçilərə, jurnalistlərə isə Veteranlar Təşkilatı tərəfindən təqdim olunacaq.

1941-ci ildən 1945-ci ilədək davam edən müharibə zamanı ordu sıralarına Azərbaycandan 720 min nəfərdən çox insan çağrılıb. Onlardan 320 mindən çoxu vətən uğrunda gedən savaşda qəhrəmancasına həlak oldu.

Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.