“Ambulator xidmətdə istifadə edilən protokollara Operativ Qərargahın tövsiyələrinə əsasən yenidən baxılır. Çünki ambulator şəraitdə müalicə alan xəstələrin də çeşidi dəyişib”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.
Baş infeksionist bildirib ki, əvvəl yalnız yüngül xəstələr evdə saxlanılırdısa, indi orta ağır xəstələrə də ambulator xidmət göstərilir: “Onların müalicə üsulu daha əhatəli olmalıdır. Bu bizim yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyimiz protokollarda əksini tapacaq”.
T. Eyvazov qeyd edib ki, pandemiya dövründə koronavirusla mübarizəyə cəlb edilən mütəxəssislərin sayı 3000-dən çoxdur: “Cəlb olunan mütəxəssislərin xeyli hissəsi qeyri-ixtisas həkimləridir. Bu işlə məşğul olan infeksionistlərin sayı çox məhduddur. Bu hal təkcə Azərbaycana məxsus deyil”.