London İmperial Kollecinin Qrentem İnstitutunun dərc etdiyi araşdırmaya görə, 2026-cı ilin yayında Avropada həddindən artıq isti hava səbəbindən 50 mindən çox insan həyatını itirib.
Tədqiqatda bildirilir ki, yay aylarında Avropanın 854 şəhərində isti hava ilə əlaqəli 50 391 əlavə ölüm qeydə alınıb.
Əlavə ölüm göstəricisi faktiki ölüm sayı ilə normal şəraitdə gözlənilən ölüm sayı arasındakı fərqi ifadə edir.
Alimlərin yazdığına görə, araşdırmaya daxil edilən şəhərlərdə ümumilikdə təxminən 173 milyon insan yaşayır. Ən yüksək ölüm göstəricisi 85 yaşdan yuxarı şəxslər arasında qeydə alınıb. Regional bölgüyə əsasən, ən aşağı göstəricilər Şimali Avropada, ən yüksək göstəricilər isə Cənubi Avropada müşahidə olunub. İstidən ən çox Malta, İtaliya, Macarıstan və Xorvatiya təsirlənib.
Alimlərin qiymətləndirməsinə görə, hazırda Avropada temperatur insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmənin olmadığı ssenari ilə müqayisədə təxminən 2,5 dərəcə yüksəkdir.
Araşdırmada qeyd olunur ki, yuxarıda göstərilən 50 mindən çox ölüm halının 65 faizi — təxminən 32 600 ölüm — ehtimal ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə bağlı olub.
Alimlərin hesablamalarına görə, əlavə ölümlərin təxminən üçdə biri iyunun 17-dən iyulun 1-dək olan dövrə təsadüf edib. Həmin müddətdə Avropa üzrə orta gündəlik temperatur normadan 5,3 dərəcə yüksək olub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə isti hava ilə əlaqəli əlavə ölümlərin sayı təxminən iki dəfə az — 24 500 nəfər təşkil edib.
Araşdırmada yalnız şəhər əhalisi nəzərə alınıb. Bu əhali tədqiq olunan 30 ölkənin ümumi əhalisinin təxminən 40 faizini təşkil edir. Buna görə də alimlər Avropada isti hava ilə əlaqəli faktiki əlavə ölüm sayının daha yüksək ola biləcəyini düşünürlər.
Tədqiqatın müəllifləri 2026-cı ilin yayının Avropa tarixində isti hava baxımından ən təhlükəli yay dövrlərindən biri, hətta ən təhlükəlisi ola biləcəyi qənaətinə gəliblər.
Bu yay Avropa son bir neçə ilin ən isti dövrlərindən biri ilə üzləşib. Ən ciddi zərər İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstanda qeydə alınıb.
