Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəylik nümayişi idi. Bizə daxil olan məlumatlara görə, əkilən ağacların sayı 650 mini keçib”.
Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib.
O bildirib ki, ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib: “SOCAR əməkdaşları 100 min ağac əkib. Hətta 12 min ağac əkilməsi üçün gəmi ilə Çilov adasına göndərildi. Bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür. Regionlara paylanılan ağac tingləri iqlim şəraitinə görə seçilmişdi. Yəni, ağac əkilməsi xatirinə seçim olmadı. Əsas odur ki, həmin ağaclara diqqət və qayğı daimi olsun”.
“Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu il çərçivəsində bütün sahələr üzrə bir sıra maraqlı tədbirlər keçirildi. Bu tədbirlərlə yanaşı, “Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürüldü”. Bunu isə mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, hər il ölkədə yüz minlərlə ağac əkilir. Lakin bu təşəbbüs hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi: “Çox sevindirici və qürurvericidir ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval – ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşuldu”.
İ. İbrahimova bildirib ki, ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulması həqiqətən fəxr ediləsidir: “Bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqləndi. Bu təşəbbüsün həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradıldı və nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə böyük bir qrup bu işlə məşğul oldu. Ağac əkiləcək ərazilərin müəyyən olunması, yerli iqlim şəraitinə uyğun tinglərin seçilməsi, əkin ərazilərinə daşınması bu qrupun fəaliyyəti nəticəsində reallaşdı. İnanıram ki, ağac əkən və bu təşəbbüsə qoşulan hər kəs bunu yaddaşında saxlayacaq, sonrakı illərdə fəxrlə xatırlayaraq qürur duyacaq”. Mətbuat rəhbəri qeyd edib ki, bu payız mövsümündə ağac əkilməsi tədbirləri bundan sonra da bütün regionlarda davam etdiriləcək.
Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.