Azərbaycanda tapılan qədim sursatlar –

Türk və rus ordusunun 100 yaşlı mərmiləri, İran bombası, faşistlərə atılan sovet raketi (FOTOLAR)
28 Fevral 2020 - 16:09

Ötən həftə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Salyan rayonu ərazisində ötən əsrin 40-cı illərində istehsal edilmiş bir ədəd 300 mm-lik M-31 raketinin döyüş başlığını (F-972) zərərsizləşdirdilər. Cəbhə xəttindən uzaq bir rayonda, 70 il əvvəl istehsal edilmiş döyüş sursatının tapılması çoxlarımızda maraq doğurmuşdu.

Azpost.info “AzeriDefence” jurnalına istinadən bildirir ki,  fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA tərəfindən cəbhəyanı ərazilər də daxil olmaqla, respublikanın müxtəlif rayonlarında minlərlə müxtəlif növ döyü sursatları, o camlədən minalar aşkarlanaraq zərərsizlədirilib. Tapılıb zərərsizləşdirilən suratların arasında 20 mindən çox ağ fosfor tərkibli təhlükəli sursatlar da mövcud olub.

ANAMA-nın Əməliyyat şöbəsinin meneceri Elnur Qasımov açıqlamasında Agentliyin fəaliyyət göstərdiyi dövrdə 803917 ədəd hərbi sursatın aşkar edilərək zərərsizləşdirildiyini qeyd edib.

Aşkar edilmiş döyüş sursatları arasında 1329 ədəd tank əleyhinə mina, 610 ədəd piyada əleyhinə mina var. Tapılan sursatların bəziləri zərərsizləşdirmək üçün partladılıb, bəziləri isə neytrallaşdırılıb”,-deyə Elnur Qasımov bildirib.

Agentlik mütəxəssisinin sözlərinə görə, tapılmış hərbi sursatların bir qismi zərərsizləşdirilərək eksponat kimi saxlanılır. Gələcəkdə sursat nümunələrindən ibarət guşənin yaradılması nəzərdə tutulur.

“Tapılan ən qədim hərbi sursatlar XlX əsrin sonrlarına aiddir. İkinci Dünya Müharibəsindən əvvəl və sonra SSRİ-də istehsal edilmiş sursatlar da var. Məsələn, bu yaxınlarda İkinci Dünya müharibəsi dövründə istifadə edilmiş M-31 raketinin döyüş başlığı tapılıb. Əməliyyatlar zamanı Qafqaz İslam ordusunun dağ toplarının mərmilərinə, qumbara silahının köhnə variantlarına, kartej növlərinə və s. nümunələrlə də rastlaşmışıq”,

ANAMA əməkdaşı bəzi nümunələrdən indiyədək bir və ya iki ədəd tapıldığına da diqqqət çəkib: “Bunlara misal olaraq, İtaliyanın nümunəsində hazırlanmış İran istehsalı olan mina, Çar Rusiyası ordusunun istifadə etdiyi top mərmiləri, 1940-cı ilə aid 25 mm çaplı BR-132 zenit top mərmisi, 1916-cı ildə buraxılmış silahdan atılan “Dyakonov” qumbarası, 1930-cu illərə aid olduğu güman edilən qəlpəli mina, 1930-cu illərə aid olduğu güman edilən “Dyakonov” qumbarası, Birinci Dünya Müharibəsinə aid, sonradan Sovet dövründə F-533-K adlandırılmış 152 mm partlayış dalğalı top mərmisi, 1800-cü illərin sonlarına aid Sovet dövründə Ş-354T adlandırılan 76 mm rus şrapnel top mərmisi, 1933-cü ilə aid RQD-33 hücum qumbarası kimi maraqlı nümunələri göstərə bilərəm. Bu cür nümunələr neytrallaşdırılması mümkün olarsa, sərgiləyirik. Neytrallaşdırmaq mümkün olmadıqda, partladılaraq zərərsizləşdirilir”.