Azərbaycanın göndərdiyi humanitar yardımın bir hissəsi Ukraynaya çatıbFOTO

Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi artıq Ukraynaya çatıb.

Ukraynanın Çernovis vilayətində yardım yüklərinin təhvil verilməsi mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, son humanitar yardım Ukraynanın müraciəti əsasında göndərilib: “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformator və 50 generatorun bir hissəsi artıq Ukraynaya çatıb. Digərlərinin isə yaxın günlərdə ölkəyə çatıdrılması gözlənilir”.

O qeyd edib ki, Azərbaycanın bu günə qədər Ukraynaya göndərdiyi humanitar yardımın məbləği 30 milyon ABŞ dolları həcmindədir.

Mərasimdə iştirak edən Ukraynanın Energetika Nazirliyinin rəsmisi Lutsi Petroviç isə humanitar yardıma görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

L.Petroviç söyləyib ki, ağır günlərdə Azərbaycan hər zaman Ukraynaya dəstək olub: “Azərbaycanın göndərdiyi humanitar yardımlar döyüşlərdə, xüsusən də Rusiyanın endirdiyi raket zərbələrindən daha çox zərər çəkən Xerson, Xarkov, Nikolayev və Çernoqov vilayətlərinə göndəriləcək”.

Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, dekabrın 10-da mövcud vəziyyətlə əlaqədar zərərçəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.

Əvvəlki məqalə

Xankəndi-Laçın yolunda keçirilən aksiyaya qoşulanların sayı artır-

Sonrakı məqalə

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji” üzrə saziş imzalayıb-