Azərbaycanın humanizmi nəticəsində Maral Nacaryan ötən gün azad edilib –

XİN
11 Mart 2021 - 16:17

“Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib”.

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nazaryanla bağlı sualını cavablandırarkən deyib.

“Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib. Qeyd etmək istərdik ki, o, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən Maral Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib. Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zamanı sərbəst buraxılıb”, – deyə XİN rəsmisi qeyd edib.