Azərbaycanın xarici siyasəti regionda sülhün bərqərar olmasına xidmət edir

10 Mart 2021 - 10:25

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, bölgədə sabitliyin bərqərar edilməsi, beynəlxalq regional əməkdaşlıq layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın sürətlə inkişaf etdirilməsi, ölkə həyatının demokratik dəyərlərlə idarə olunması ölkəmizdə həyata keçirilən islahatların əsas mövzusudur.

Bu islahatların bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 1994-cü ilin sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı əlaqələrin genişlənməsinə, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinə təkan verdi. Əsrin müqaviləsinin davamı kimi imzalanan neft sazişləri Azərbaycanın beynəlxalq və regional ölkələr ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına gətirib çıxardı. Ölkəmizin zəngin neft-qaz yataqları bizə müxtəlif beynəlxalq-regional layihələrə qoşulmaq imkanı yaratdı. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və Prezident İlham Əliyevin  XXI əsrin müqaviləsi adlandırdığı Trans Anadolu, Trans Adriatik qaz boru kəmərləri region və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Şərq-Qərb arasında körpü rolunu oynayan Azərbaycan Avropa-Qafqaz-Asiya ticarət yolunun üzərində yerləşməsi dünya ölkələri ilə əməkdaşlığın inkişafına,çoxtərəfli iqtisadi layihələrin yaradılmasına şərait yaradır. Bu da Respublikamızın iqtisadi, siyasi,sabitlik, təhlükəsizlik mərhələsində inkişafına şərait yaradır. Beləliklə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq və regional layihələrdə uğurla irəliləyir.

2011-ci ildə BMT-nin 155 üzvü arasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan öz xarici siyasətində beynəlxalq imicini xeyli möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi beynəlxalq aləmdə Azərbaycanın necə güclü dövlət olduğunu nümayiş etdirdi. Azərbaycan həmişə regionda sülhün, əmin-amanlığın tərəfdarı olub. Ona görə də öz xarici siyasətini qonşu dövlətlərlə dinc, mehriban qonşuluq prinsiplərinə əsasən qurmuşdur. Azərbaycan uzun müddət Cənubi Qafqazda sülhün,təhlükəsizliyin qorunması üçün Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdi. Rusiya, Gürcüstan, İran və xüsusilə Türkiyə ilə yaradılan iqtisadi, siyasi, hərbi əməkdaşlıq, düzgün diplomatiya Azərbaycanın mövqeyini xeyli möhkəmləndirdi. Tarixi qələbədən sonra 2021-ci ilin yanvarın 11-də Azərbaycan,Rusiya və Ermənistanın Moskva görüşü regional iqtisadi, siyasi, hərbi təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyətə malik oldu. Bəyanatda nəqliyyat kommunikasiya yollarının açılması Rusiya, Gürcüstan, Ermənistan,Türkiyə, İran –region ölkələrinin və Avropa dövlətlərinin əməkdaşlığında mühüm əhəmiyyətə malikdir. Gələcəkdə Təbrizdən Naxçıvana, İğdırdan Naxçıvana dəmiryollarının inşa edilməsi Naxçıvanın blokadasını aradan qaldırar, ticarət mərkəzinə çevirər, daha sonra Qarabağ regionunun iqtisadi inkişafına şərait yaradar. Gələcəkdə həyata keçiriləcək müxtəlif layihələr Azərbaycanın,bütövlükdə region ölkələrinin iqtisadi-sosial həyatına, qarşıda duran problemlərin həllinə müsbət təsir göstərəcək və beynəlxalq –region ölkələr ilə Azərbaycanın dostluq, əməkdaşlıq əlaqələrini inkişaf etdirəcəkdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Xudafərin körpüsünü sülh, dostluq, əməkdaşlıq körpüsü adlandırmışdı.

Məhz düzgün diplomatik siyasətin nəticəsi idi ki,müharibə dövründə bir sıra dövlətlər, xüsusilə qardaş Türkiyə Azərbaycanın yanında oldu. Türkiyə,Pakistan, İsrail dövlətləri ilə uzun müddət aparılan iqtisadi, siyasi,hərbi əməkdaşlıq, qonşu dövlətlərlə normal münasibətlər, xüsusilə Rusiya ilə çoxsahəli əlaqələr ərazi bütövlüyümüzün təmin olunmasına şərait yaratdı. Bu Prezident İlham Əliyevi diplomatiyasının ən böyük uğurlarındandır. Cənab Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarda öılkəmizi layiqincə təmsil etməsi, demokratik dəyərlərə söykənən xarici siyasəti  nəticəsində bu gün Respublikamız Cənubi Qafqazda lider ölkəyə çevrilmişdir. Bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ilbəil artır,onlar ölkəmizlə bağlı əlaqələrə daim maraq göstərirlər. Dövlətimizin inkişafına,xalqımızın maraqlarına söykənən bu siyasət Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzində saxlayır.Beləliklə,yeridilən düzgün siyasət ölkəmizi beynəlxalq aləmin strateji tərəfdaşına çevirir.

Təranə Əzizova

müəllim

Neftçala rayonu