Havaların soyuması ilə avtomobillərin istismarında bir sıra problemlər meydana çıxır. Yay və payız aylarında ciddi çətinlik yaratmayan bəzi texniki nasazlıqlar qışda sürücülər üçün təhlükəyə çevrilə bilər. Xüsusilə akkumulyatorun zəifləməsi, təkərlərin vəziyyəti, əyləc sistemi və mühərrikin soyutma mayesi soyuq havalarda daha böyük əhəmiyyət daşıyır.
Mütəxəssislər sürücülərə qış başlamazdan əvvəl avtomobillərini texniki baxışdan keçirməyi və bir sıra vacib detalları yoxlamağı tövsiyə edirlər. Bəs qışa hazırlaşarkən avtomobildə ilk növbədə nələrə diqqət yetirmək lazımdır?
1. Təkərləri yoxlayın – qışda əsas təhlükəsizlik amili
Qış mövsümündə yolun sürüşkən olması qəza riskini artırır. Buna görə də ilk növbədə avtomobilin təkərlərinin vəziyyəti yoxlanılmalıdır.
Təkərlərin protektor dərinliyi, hava təzyiqi və aşınma səviyyəsi diqqətlə nəzərdən keçirilməlidir. Protektorun həddindən artıq aşınması yağışlı, qarlı və buzlu yollarda avtomobilin idarə edilməsini çətinləşdirir.
Qış təkərləri temperaturun davamlı olaraq 7°C-dən aşağı düşdüyü şəraitdə daha yaxşı yol tutuşu təmin edə bilər. Xüsusilə dağlıq ərazilərə və qar yağan bölgələrə səfər edən sürücülərin mövsümi təkər dəyişikliyinə diqqət etməsi vacibdir.
Təkərlərin təzyiqini də mütəmadi yoxlamaq lazımdır. Temperatur aşağı düşdükcə təkərlərdə hava təzyiqi azalır.
2. Akkumulyatorun vəziyyətini yoxladın
Qışda avtomobillərdə ən çox rast gəlinən problemlərdən biri mühərrikin işə düşməməsidir. Bunun əsas səbəblərindən biri zəifləmiş akkumulyatordur.
Soyuq hava akkumulyatorun enerji vermək qabiliyyətini azaldır. Eyni zamanda mühərrikin işə salınması üçün daha çox enerji tələb olunur.
Sürücülərə akkumulyatorun doluluğunu, gərginliyini və klemmalarının vəziyyətini yoxlatmaq tövsiyə edilir. Əgər avtomobil səhərlər çətin işə düşürsə, işıqlar zəifləyirsə və ya akkumulyator köhnədirsə, onu mütəxəssisə yoxlatmaq lazımdır.
3. Antifrizi unutmayın
Mühərrikin soyutma sistemində istifadə olunan antifriz qış mövsümündə xüsusi əhəmiyyət daşıyır. Soyuducu mayenin donma temperaturu mövcud hava şəraitinə uyğun olmalıdır.
Antifrizin keyfiyyəti aşağı olduqda və ya sistemdə suyun miqdarı çox olduqda şaxtalı havada maye dona, mühərrikin soyutma sisteminə ciddi zərər vura bilər.
Buna görə də antifrizin səviyyəsi ilə yanaşı, onun donmaya davamlılığı da yoxlanılmalıdır. Müxtəlif növ antifrizləri uyğunluğunu yoxlamadan bir-birinə qarışdırmaq olmaz.
4. Mühərrik yağını dəyişmək lazım olub-olmadığını müəyyənləşdirin
Soyuq havalarda mühərrik yağının keyfiyyəti və özlülüyü mühüm rol oynayır. Temperatur aşağı düşdükdə yağ qatılaşa və mühərrikin ilk işə salınması zamanı detalların yağlanması çətinləşə bilər.
Sürücülər avtomobil istehsalçısının tövsiyə etdiyi yağ növündən istifadə etməlidirlər. Yağın dəyişdirilmə müddəti yaxınlaşıbsa, qış başlamazdan əvvəl onu yeniləmək məqsədəuyğundur.
5. Əyləc sisteminə xüsusi diqqət yetirin
Qışda yaş, qarlı və buzlu yollar əyləc məsafəsini artırır. Belə şəraitdə əyləc sisteminin saz vəziyyətdə olması həyati əhəmiyyət daşıyır.
Əyləc bəndləri, disklər, əyləc mayesi və digər komponentlər yoxlanılmalıdır. Əyləc zamanı avtomobil bir tərəfə çəkirsə, qeyri-adi səs yaranırsa və ya pedalın davranışında dəyişiklik hiss edilirsə, avtomobili ustaya göstərmək lazımdır.
ABS sisteminin işlək vəziyyətdə olması da vacibdir.
6. Şüşəsilənləri və şüşəyuyan mayeni dəyişin
Yağış, qar və palçıq qışda sürücünün görünüş məsafəsini azaldır. Bu səbəbdən şüşəsilənlərin vəziyyəti mütləq yoxlanılmalıdır.
Əgər şüşəsilənlər şüşədə izlər buraxır, suyu tam təmizləmir və ya işləyərkən səs çıxarırsa, onların dəyişdirilməsi məsləhətdir.
Adi su əvəzinə aşağı temperaturda donmayan şüşəyuyan mayedən istifadə edilməlidir. Əks halda maye donaraq sistemin nasosuna və borularına zərər verə bilər.
7. İşıqlandırma sistemini yoxlayın
Qışda günlər qısalır, hava tez qaralır, yağış və duman isə yollarda görünüşü zəiflədir.
Buna görə də yaxın və uzaq işıqlar, duman faraları, dönmə siqnalları, stop işıqları və geri hərəkət işıqları yoxlanılmalıdır.
Faraların üzərindəki çirk və bulanıqlıq da işıqlandırmanın keyfiyyətini aşağı salır. İşıqların düzgün tənzimlənməsi həm sürücünün yolu görməsi, həm də qarşıdan gələn avtomobillərin sürücülərini kor etməmək baxımından vacibdir.
8. Qapıların və rezin hissələrin donmasının qarşısını alın
Şaxtalı havalarda avtomobil qapılarının rezin hissələri dona və qapıların açılmasını çətinləşdirə bilər.
Bunun qarşısını almaq üçün rezin kipləşdiricilərə uyğun qulluq vasitələrindən istifadə etmək olar. Qapı kilidlərinin və baqaj mexanizminin də vəziyyətini yoxlamaq məsləhətdir.
Xüsusilə avtomobilini açıq havada saxlayan sürücülər bu məsələyə diqqət yetirməlidirlər.
9. Qış üçün ehtiyat ləvazimatlar hazırlayın
Qış mövsümündə yolda gözlənilməz vəziyyətlərlə qarşılaşmaq mümkündür. Buna görə avtomobildə bəzi ehtiyat vasitələrin olması tövsiyə edilir.
Sürücülərin avtomobilində aşağıdakı ləvazimatların olması faydalıdır:
-İlk tibbi yardım çantası;
-Fövqəladə dayanma nişanı;
-İşlək vəziyyətdə olan fənər;
-Akkumulyator üçün işəsalma kabelləri;
-Qar təmizləmək üçün fırça və qaşıyıcı;
-Əlcək və isti örtük;
-Təkər təmiri üçün zəruri vasitələr;
-Mövsümə uyğun, təhlükəsiz buz açıcı vasitə.
Dağlıq və qarlı ərazilərə səfər edənlər əlavə olaraq uyğun qar zəncirləri də götürə bilərlər.
10. Kondisioner və isitmə sistemini yoxlayın
Bəzi sürücülər kondisionerin yalnız yayda lazım olduğunu düşünürlər. Əslində, kondisioner sistemi qışda da avtomobildəki rütubətin azaldılmasına və şüşələrin dumanlanmasının qarşısının alınmasına kömək edir.
Salonun isitmə sistemi, ventilyator və şüşəqızdırıcıların işlək vəziyyətdə olması da vacibdir.
Əgər avtomobilin salonu gec isinirsə və ya şüşələr tez-tez buğlanırsa, sistemdə nasazlıq ola bilər.
Qışda avtomobil idarə edərkən bunları unutmayın
Avtomobili texniki cəhətdən qışa hazırlamaq təhlükəsizliyin yalnız bir hissəsidir. Sürücülərin öz davranışlarını da mövsümə uyğunlaşdırması vacibdir.
Qarlı və buzlu yollarda sürəti azaltmaq, öndəki avtomobillə məsafəni artırmaq, kəskin əyləcləmə və qəfil manevrlərdən çəkinmək lazımdır. Sürüşkən yollarda kruiz-kontrol sistemindən istifadə etmək də məsləhət görülmür.
Qış gəlməmiş avtomobilin texniki vəziyyətini yoxlatmaq gözlənilməz nasazlıqların və yol qəzalarının qarşısını almağa kömək edir. Bir neçə sadə yoxlama həm sürücünün, həm sərnişinlərin təhlükəsizliyini qoruyur, həm də soyuq havalarda avtomobilin istismarını asanlaşdırır.
N. Talıblı
