Azərbaycanlı milyarder Fərhad Əhmədov təkzib etdi:“Yazım siyasətə gəlməyim demək deyil”

 Azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov siyasətə gəlməsi barədə  yayılan məlumatları təkzib edib.

İş adamı Azpost.info-ya qısa açıqlamasında bu barədə deyib. O bildirib ki,  yazdığı siyasi manifest siyasətə gəlməyi  barədə bəyanı demək deyil.

“Sizin Azərbaycanda  islahatlar və parlament seçkiləri ilə bağlı təklif etdiyiniz “yol xəritəsi” siyasətə gəlməyiniz deməkdir?” sualına F.Əhmədov “yox”cavabını verib.

Qeyd edək ki, Azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov “Feysbuk” səhifəsində Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə dair geniş təhlil yazıb.

 Təhlildə F.Əhmədov Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların “cib deputatları” ilə yanaşı təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli yeni seçkiyə ehtiyac vardı: “Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin “cib deputatları” vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi “kuklaoynadanlardan” qurtulmuşuq…” 

Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan F.Əhmədov, Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edir. Hakimiyyətin bir neçə deputatı parlamentə “konstruktiv müxalifət” adı altında yerləşdirməsinin isə lazımi effekt vermədiyini bildirir.

Milyarder hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu, daha çox neqativ nəticələr doğurur: “Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır…”

Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan F.Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edir və təklif edir ki, yeni növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılsın. Milyarder hesab edir ki, məhz həmin müstəqil namizədlər gələcək əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.

Daha sonra konkret təkliflər irəli sürən iş adamı öz “yol xəritəsində” növbədənkənar seçkilə bağlı “mütləq atılmalı olan” addımları sadalayır. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var.

Hətta milyarder bir qədər də uzağa gedərək hakim YAP-ı SSRİ Kommunist Partiyasına bənzədərək, bu təşkilatda da dəyişikliklərin zəruri olduğunu bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna Prezidenti Azərbaycana səfər edəcək

Sonrakı məqalə

Tarkovskinin 45 il əvvəl film üçün yazdığı ssenari 1 milyona satılıb