Azərbaycanlılar Rusiya-Ukrayna müharibəsində kimin qalib olacağına inanır? –SORĞU NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin Rusiya-Ukrayna müharibəsinin  başlanma səbəbləri və yekunları, nəticələri ilə bağlı fikirlərini öyrənmək məqsədi ilə rəy sorğusu keçirib.

Sorğunun nəticələrinə əsasən, Rusiya-Ukrayna müharibəsinin başlanmasının əsas səbəbləri olaraq respondentlərin 32,2%-i Rusiyanın qlobal maraqlarını, 31,2%-i isə Ukraynanın Qərb təşkilatlarına (Avropa İttifaqı və NATO) üzv olmaq istəyini qeyd edib.

Respondentlərin 28,1%-i müharibənin başlanmasını Rusiya hökumətinin yanlış strateji hesablamaları, 26%-i Qərbin Ukraynanı silahlandırması, 15,6%-i Ukraynada Qərbyönümlü hakimiyyət dəyişikliyi, 5,7%-i Ukraynada artan millətçilik amilləri ilə əsaslandırıb. İştirakçıların 9,6%-i digər cavab variantını qeyd edib, 3,9%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Respondentlərin 33,3%-i bu müharibədə Ukraynanın, 32,7%-i Rusiyanın qalib gələcəyini düşünür. Maraqlıdır ki, onların 11,4%-i bu suala “Qərb” (NATO və Avropa İttifaqı) cavabını verməklə, əslində müharibənin qazanan tərəfinin Qərb təsisatları olduğunu düşündüyünü ifadə edib. İştirakçıların 15,8%-i bu müharibədə heç bir tərəfin qalib gəlməyəcəyini bildirib. 1,8%-i digər cavab variantlarını səsləndirib, 4,9%-i isə bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Rusiya-Ukrayna müharibəsində hansı tərəfinin qalib gələcəyini düşünənlərin yaş kateqoriyaları üzrə çarpaz müqayisəsi əsasında qeyd etmək olar ki, 55 yaşa qədər olan respondentlərin daha çox hissəsi Rusiyanın, 56 və yuxarı yaş qrupuna aid respondentlərin daha çox hissəsi isə Ukraynanın qalib gələcəyini düşünür.

Beləliklə iddia etmək olar ki, respondentlərin xüsusilə yüksək yaşlı qrupunda bu müharibədə Ukraynanın qalib gələcəyinə dair əminlik payı daha yüksəkdir.

Respondentlər arasında orta təhsillilərin 35,2%-i Rusiyanın, 37,5%-i Ukraynanın, ali təhsillilərin 27,3%-i Rusiyanın, 24,8-i Ukraynanın qalib gələcəyini düşünür.

Azpost.info

Əvvəlki məqalə

İsveç Ankaranın tələbinə “hə” dedi

Sonrakı məqalə

Zəngilanda İrandan narkotik keçirilməsinin qarşısı alınıb