“Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi faktora çevrilib”-DÖVLƏT BAŞÇISI

“Türkiyə və Azərbaycanın dostluğu, münasibətləri, yaxınlığı bizi istəməyənləri, Türkiyənin gücünün artırmasını istəməyənləri narahat edir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Türkiyə və Azərbaycanın dostluğu, münasibətləri, yaxınlığı kimlərə narahat edir?” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, bunlar kimlər olduğu bəllidir: “Bir çox ölkələrdə belə dairələr var. Bu, islamafob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamafobiya artır. Kasıb ölkələrdən gələn qaçqınlara olan münasibət də göz qabağındadır. Ona görə islamafob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentə girirlər. Yəni radikal, faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyldir. Avropa üçün ilk növbədə təhlükəli meyldir, çünki bu. İrqçilik, ayrı-seçkili və ksenafobiya, islamafobiyaya şərait yaradan bir meyldir. Eyni zamanda islamafob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr var. Çünki bugünkü Ərdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Biz də bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilir. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kimsə Türkiyəyə nəyisə diktə edə bilməz, nəyisə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını layiqincə dünyada müdafiə edir. Öz təhlükəsizliyini bildiyi kimi təmin edir. Beynəlxalq aləmdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı məsələ həll edilə bilməz. Suriya, Liviya ondan sonra Ağ dəniz. Bütün bunlar onu göstərdi. Ona görə Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir bunlar. Bu təbiidir”.

“Türkiyənin güclü olması niyə önəmlidir” sualına cavabında Azərbaycan Prezidenti qeyd edib ki, ona görə ki, bu, türk dünyası üçün böyük bir gücdür, bizi gücləndirir: “Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm, Azərbaycanda da əziz qardaşım, Prezident burda olanda ki, Türkiyə-Azərbaycan birliyi bölgə üçün istiqrar gətirir”.

Dövlət başçısı qeyd edib ki, əgər Türkiyədən dəqiq mesajlar münaqişənin ilk saatlarında Türkiyədən gəlməsəydi bəlkə də başqaları bu işlərə qarışa bilərdi: “Türkiyənin bu mesajları hər kəsə dur dedi. Azərbaycan yalnız deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi faktora çevrilibdir və bu, müsbət faktordur. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə etməliyik. Öz yolumuzu davam etdiririk, heç kimsə bizim işimizə qarışmasın, heç kimsə bizim daxili məsələlərimizə burnunu soxmasın, biz bunu istəyirik. Kimin işinə Türkiyə qarışıb bu günə qədər, Azərbaycan kimin işinə qarışıb bu günə qədər? Heç kimin. Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, iş birliyi edək, amma sizinki sizdə, bizimki bizdə, bunu biz istəyirik və buna haqqımız çatır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əsirlərə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolar saxta çıxdı –

Sonrakı məqalə

“Təəccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr Paşinyanın tərəfini tuturlar” –