Azərbaycanda hər 10 nəfərə 22 bank kartı düşür– Kartların sayı niyə azalmağa başladı?

Bank kartları ilə bağlı problemlər artır
Bank kartları ilə bağlı problemlər artır

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2026-cı ilin iyun ayının sonuna 22 milyon 797,6 min ədədə çatıb.

AzPost xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistik göstəricilərdə bildirilib.

Məlumata görə, dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb. Bununla belə, aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, may ayı ilə müqayisədə ölkədə istifadə olunan kartların ümumi sayı 29,3 min ədəd azalıb.

Statistikaya əsasən, iyun ayının sonunda Azərbaycanda hər 10 nəfərə orta hesabla 22-dən çox ödəniş kartı düşüb. Bu da ölkədə bir nəfərin orta hesabla iki və ya daha çox bank kartından istifadə etdiyini göstərir.

Dövriyyədə olan kartların böyük hissəsini debit kartları təşkil edir. Son bir ay ərzində debit kartlarının sayı 10,5 min, kredit kartlarının sayı isə 18,8 min ədəd azalıb.

Mütəxəssislərin fikrincə, kartların illik artımı ölkədə nağdsız ödənişlərin genişlənməsi və rəqəmsal bankçılığın inkişafı ilə bağlıdır. Aylıq azalma isə istifadə olunmayan kartların dövriyyədən çıxarılması, bankların kart portfelini optimallaşdırması və bəzi kartların bağlanması ilə əlaqədar ola bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.