Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15 (Last updated: 18 Noyabr 2026 - 12:15)
Vergi

Vergi

Azərbaycanda gələn ildən bir sıra fəaliyyət sahələri üzrə vergi qaydalarının dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, kuryerlər üçün aylıq 15 manat sabit vergi müəyyənləşdirilməsi, taksi sürücülərinin gəlirlərinə 1 faiz sadələşdirilmiş vergi tətbiqi, fermerlər üçün 90 faizlik vergi güzəşti və gözəllik xidmətləri sahəsində yeni vergi rejimi nəzərdə tutulur.

Bununla yanaşı, mənzillərin təkrar satışı zamanı ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi, əmlakını icarəyə verən fiziki şəxslərə xərcləri gəlirdən çıxmaq imkanı yaradılması, eləcə də kiçik sahibkarlar üçün yeni vergi güzəştləri təklif edilir.

Dəyişikliklər Milli Məclisin müzakirəsinə təqdim olunan Vergi Məcəlləsinə və digər qanunlara dəyişiklik layihələrində əksini tapıb. Təkliflərin bir hissəsinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Fermerlər üçün 100 faizlik vergi güzəşti ləğv edilir

Aqrar sektorda uzun illər tətbiq olunan tam vergi azadolması mexanizminin dəyişdirilməsi təklif olunur.

Layihəyə əsasən, kənd təsərrüfatı istehsalçıları üçün gəlir və mənfəət vergisi üzrə 100 faizlik azadolma ləğv ediləcək. Onu 2027-ci il yanvarın 1-dən başlayaraq 5 il müddətinə 90 faizlik güzəşt əvəz edəcək. Bu o deməkdir ki, aqrar sahədə fəaliyyət göstərən vergi ödəyiciləri müvafiq şərtlərlə hesablanmış verginin yalnız 10 faizini ödəyəcəklər.

Bununla belə, kənd təsərrüfatı istehsalçılarının sadələşdirilmiş vergi üzrə tam azadolmasının müəyyən şərtlərlə daha 5 il saxlanılması nəzərdə tutulur. Güzəştlərdən yararlanmaq üçün istehsalçıların Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olması və müvafiq gəlirlərini vergi bəyannaməsində bəyan etməsi tələb olunacaq.

Digər dəyişiklik isə aqrar sahədə fəaliyyət göstərən hüquqi şəxslərin təsisçilərinin dividend gəlirlərinə aiddir. Bu gəlirlər üzrə vergi azadolmasının müddəti uzadılmayacaq və 2027-ci ildən ümumi azadolmalar nəzərə alınmaqla 5 faiz vergi tətbiq ediləcək.

Kuryerlər ayda 15 manat vergi ödəyəcək

Elektron ticarətin genişlənməsi ilə sayı artan fərdi kuryerlər üçün ayrıca vergi mexanizmi yaradılması təklif olunur.

Muzdlu işçi cəlb etmədən fərdi qaydada kuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün aylıq 15 manat sabit sadələşdirilmiş vergi müəyyənləşdirilməsi nəzərdə tutulur. Hazırda bu sahədə çalışanların bir çoxu vergi hesabatlarının hazırlanması və gəlir-xərc uçotunun aparılması ilə bağlı çətinliklərlə üzləşir. Yeni mexanizmin məqsədi vergi öhdəliklərini sadələşdirmək və qeyri-rəsmi fəaliyyətdə olan şəxsləri leqallaşdırmaqdır.

Təklif qəbul edilərsə, kuryerlər sabit vergi qəbzi vasitəsilə öhdəliklərini yerinə yetirə biləcəklər.

Taksi sürücülərinə 1 faiz vergi tətbiq olunacaq

Taksi sifarişi operatorları vasitəsilə sərnişindaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri üçün də yeni qayda təklif edilir. Layihəyə əsasən, taksi sifarişi operatorlarının sürücülərə ödədiyi gəlirlərdən 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanacaq. Bu mexanizmin tətbiqi vergi öhdəliklərinin hesablanmasını və yığılmasını asanlaşdırmağa, taksi fəaliyyətində dövriyyənin rəsmiləşdirilməsinə xidmət etməlidir.

Gözəllik salonları üçün yeni vergi güzəşti

Gözəllik xidmətləri göstərən şəxslərə 5 il müddətinə sadələşdirilmiş vergi rejimindən istifadə hüququ verilməsi təklif olunur. Layihəyə əsasən, nağd dövriyyəyə 8 faiz, nağdsız dövriyyəyə isə 6 faiz vergi tətbiq ediləcək.

Eyni zamanda, ƏDV ödəyicisi olan gözəllik xidməti göstərən şəxslər üçün də güzəşt nəzərdə tutulur. POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi ƏDV tutulan ümumi dövriyyədən çıxıla biləcək.

Bu dəyişiklik nağdsız ödənişlərin təşviqinə və xidmət sektorunda şəffaflığın artırılmasına yönəlib.

Mənzilini təkrar satanlara ƏDV güzəşti

Vergi dəyişikliklərinin diqqətçəkən istiqamətlərindən biri də ikinci əl mənzil bazarı ilə bağlıdır.

Hazırda ƏDV ödəyicisi olan şirkətlərin və mənzil bazarının digər iştirakçılarının vətəndaşlardan aldıqları mənzilləri yenidən satması zamanı ƏDV bütün satış dəyərindən hesablanır. Yeni təklifə əsasən, vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı 3 il müddətinə ƏDV-nin yalnız ticarət əlavəsindən, yəni alış və satış qiyməti arasındakı fərqdən hesablanması nəzərdə tutulur. Məsələn, şirkət bir mənzili 150 min manata alıb 170 min manata satarsa, vergi mənzilin bütün satış qiymətinə deyil, 20 min manatlıq ticarət əlavəsinə əsasən hesablanacaq.

Bu yanaşma ikinci əl mənzil bazarında vergi yükünü azaltmaq, rəsmi satışları stimullaşdırmaq və qiymətlərin süni artımının qarşısını almaq məqsədi daşıyır.

Evini kirayə verənlər üçün yeni qayda

Əmlakını icarəyə verən və vergi orqanında uçotda olan fiziki şəxslər üçün də dəyişiklik təklif olunur.

Hazırda fiziki şəxslərin icarə gəlirlərinə çəkilmiş xərclər çıxılmadan vergi hesablanır. Yeni mexanizmə əsasən, həmin şəxslərə icarə gəlirinin əldə edilməsi ilə bağlı xərcləri gəlirdən çıxmaq və qalan məbləğə 20 faiz dərəcə ilə vergi ödəmək seçimi veriləcək. Məsələn, bir şəxs mənzilini ayda 1 000 manata kirayə verirsə və bu fəaliyyətlə bağlı 200 manat sənədləşdirilmiş xərc çəkirsə, yeni seçimdən istifadə etdiyi halda vergi 1 000 manatdan deyil, 800 manatlıq gəlirdən hesablanacaq.

Bu dəyişiklik vergi ödəyicisi olan fiziki şəxslərin vergi yükünü fərdi sahibkarların vergi yükünə yaxınlaşdırmaq məqsədi daşıyır.

Kiçik sahibkarlara 25 faizlik vergi güzəşti

Kiçik sahibkarlıq subyektləri üçün də yeni güzəşt mexanizmi nəzərdə tutulur.

Layihəyə əsasən, kiçik sahibkarlıq kateqoriyasında azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və əvvəlki illə müqayisədə dövriyyəsi 30 faizdən çox azalmayan müəssisələrə vergi güzəşti veriləcək. Əmək münasibətlərinin pozulmaması şərti ilə gəlir və ya mənfəət vergisinin hesablanmış məbləğinin 25 faizi həcmində güzəşt tətbiq olunacaq. Bu güzəştin 5 il müddətinə verilməsi təklif edilir.

Digər tərəfdən, mikro sahibkarlıq subyektlərinin fəaliyyətini genişləndirərək kiçik və ya digər yuxarı sahibkarlıq kateqoriyasına keçməsi zamanı da vergi güzəşti nəzərdə tutulur. Belə ki, mikro sahibkarın əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisinin 100 faizi həcmində subsidiya müəyyən ediləcək. Bu məbləğ sonrakı illərdə ümumi vergi öhdəliyindən çıxıla biləcək.

Yükdaşıma və ictimai iaşə sektorunda dəyişikliklər

Ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə 5 il müddətinə alternativ olaraq 8 faiz sadələşdirilmiş vergi rejimindən istifadə hüququ verilməsi təklif olunur.

İctimai iaşə sektorunda isə sadələşdirilmiş vergi rejimindən istifadə ilə bağlı bəzi məhdudiyyətlərin yumşaldılması nəzərdə tutulur. Layihəyə əsasən, sonradan dövriyyəsinin 200 min manatdan artıq olduğu müəyyən edilən ictimai iaşə obyektlərinin müəyyən hallarda 8 faiz sadələşdirilmiş vergi rejimində qalmasına şərait yaradılacaq.

Eyni zamanda, eyni sahibkar bir neçə fəaliyyət növü ilə məşğul olduqda gəlir və xərclərin ayrı-ayrılıqda uçotu aparılarsa, sadələşdirilmiş vergi ödəyicisi hüququnun saxlanılması təklif olunur.

Şirinləşdirilmiş içkilərə aksiz vergisi

Vergi dəyişiklikləri istehlak bazarına da təsir göstərə bilər.

Layihəyə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli mallar siyahısına daxil edilməsi təklif olunur. Yerli istehsal olunan belə içkilərin hər litrinə görə 10 qəpik aksiz vergisi tutulması nəzərdə tutulur. Həmin məhsullar aksiz markası ilə markalanmalı malların siyahısına da daxil ediləcək. Bu dəyişiklik istehsalçıların xərclərinə təsir göstərə bilər. Verginin son məhsulun satış qiymətinə nə dərəcədə yansıyacağı isə istehsalçıların qiymət siyasətindən asılı olacaq.

Onlayn ticarət və nağdsız alış-veriş qaydaları

Onlayn ticarət sahəsində də vergi prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan mallar üzrə gəlirdən çıxılan məbləğə tətbiq edilən 2 faizlik limitin platformalar üzərindən sifariş edilərək “Smart Customs” vasitəsilə ölkəyə gətirilən mallara şamil edilməməsi təklif olunur.

Bundan başqa, sahibkarların vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada ala biləcəkləri malların siyahısı genişləndirilir. Heyvanların əti istisna olmaqla, digər heyvan hissələrinin, işlənmiş məişət cihazlarının və mobil telefonların nağd qaydada satın alınmasına imkan yaradılması nəzərdə tutulur.

Bu dəyişikliklərin məqsədi sahibkarların alış əməliyyatlarını rəsmiləşdirməsini asanlaşdırmaq və iqtisadi dövriyyənin daha şəffaf uçotunu təmin etməkdir.

Yeni vergi qaydaları kimlərə təsir edəcək?

Təklif olunan dəyişikliklər müxtəlif sahələrdə çalışan vətəndaşları və sahibkarları əhatə edir. Kuryerlər üçün sabit aylıq vergi, taksi fəaliyyəti üçün 1 faizlik dərəcə, fermerlər üçün 90 faizlik güzəşt, mənzil bazarında ƏDV-nin hesablanmasının dəyişdirilməsi və kiçik sahibkarlar üçün vergi güzəştləri nəzərdə tutulur.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: “İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

Oxşar xəbərlər

pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12
menzil dizayn
  • Baş Yazı

Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

User 17 Noyabr 2026 - 17:48
BUDCE02
  • Baş Yazı

2027-ci ildə sosial paket kimləri əhatə edəcək? – Pensiya və müavinətlərlə bağlı yeni rəqəmlər

User 17 Noyabr 2026 - 16:58

xƏBƏR

Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
Azərbaycanda gələn ildən bir sıra fəaliyyət sahələri üzrə vergi qaydalarının dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, kuryerlər...
Read more about Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?
“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar? pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12
Ukrayna PUA-ları Rusiyanın iki böyük neft zavodunu vurdu rus zavod
  • Dünya

Ukrayna PUA-ları Rusiyanın iki böyük neft zavodunu vurdu

User 18 Noyabr 2026 - 11:02
İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı iran raket
  • Dünya

İran Küveytdəki ABŞ aviabazasına zərbə endirdiyini açıqladı

User 18 Noyabr 2026 - 10:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.