Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:
Türkiyənin sosial platformalarında Azərbaycan əleyhinə isterik və məqsədli kampaniya əndazəni aşır.
Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji tərəfdaşlığa söykənir. Bu qardaşlıq Azərbaycan üçün mühüm siyasi, iqtisadi və təhlükəsizlik əhəmiyyəti daşıyır.
Ancaq bir həqiqəti də unutmaq lazım deyil: qardaşlıq suverenlikdən imtina, strateji tərəfdaşlıq isə siyasi tabeçilik demək deyil.
Türkiyənin Yaxın Şərqdə və Afrikada artan nüfuzu, regional ambisiyaları və hərbi-siyasi fəallığı ciddi müzakirə tələb edir. Suriya, İraq, Livan və Sudan nümunələri göstərir ki, mürəkkəb regionlarda nüfuz uğrunda mübarizə uzunmüddətli böhranlar, humanitar problemlər və dövlətlərarası gərginliklərlə müşayiət oluna bilər. Bu ölkələrin hər birində proseslərin özünəməxsus səbəbləri var. Lakin ortaq dərs budur ki, heç bir regional gücün maraqları ayrı-ayrı dövlətlərin suverenliyindən və xalqların təhlükəsizliyindən üstün tutulmamalıdır.
Azərbaycan üçün bu məsələnin xüsusi əhəmiyyəti var. Ölkəmiz həssas geosiyasi məkanda yerləşir. Şimalda Rusiya, cənubda İran, qərbdə Türkiyə və Ermənistan, Xəzər hövzəsində isə Mərkəzi Asiya ilə uzanan strateji əlaqələr Azərbaycanın xarici siyasətini son dərəcə mürəkkəb edir. Belə bir şəraitdə Bakının hər hansı güc mərkəzinin regional planlarına kor-koranə qoşulması milli maraqlarımız üçün əlavə risklər yarada bilər.
Azərbaycanın əsas üstünlüyü öz qərarlarını özü vermək, müxtəlif güc mərkəzləri ilə münasibətlərdə milli maraqlarını qorumaq və regional böhranlardan mümkün qədər kənarda qalmaq imkanındadır. Türkiyə ilə strateji tərəfdaşlıq bu müstəqil xəttin alternativi deyil, onun mühüm istiqamətlərindən biridir.
Enerji resurslarımız, SOCAR-ın beynəlxalq investisiyaları, nəqliyyat dəhlizləri, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönələn vəsaitlər Azərbaycanın iqtisadi gücünün və gələcək inkişafının əsas alətləridir. Bu resurslar ölkəmizin rifahına, təhlükəsizliyinə və strateji hədəflərinə xidmət etməlidir. Onların hər hansı dövlətin regional ambisiyalarının maliyyə təminatına çevrilməsi yolverilməzdir.
Bakı Ankara ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu, ortaq maraqlar əsasında inkişaf etdirməlidir. Eyni zamanda, Azərbaycanın başqa qonşularla və beynəlxalq tərəfdaşlarla əlaqələri də bu münasibətlərə qurban verilə bilməz. Hər hansı münaqişədə iştirak, hərbi-siyasi öhdəlik və ya iri investisiya qərarı emosiyalarla deyil, risklərin, mümkün nəticələrin soyuqqanlı qiymətləndirilməsi ilə müəyyənləşdirilməlidir.
Azərbaycan Qətər deyil. Ölkəmizə hansısa regional layihələrini maliyyələşdirmək üçün mövcud olan tərəfdaş kimi baxmaq düz olmaz. Azərbaycan öz tarixi, ordusu, diplomatiyası, iqtisadi potensialı və milli iradəsi olan müstəqil dövlətdir.
Bu, Türkiyəyə qarşı olmaq demək deyil. Əksinə, həqiqi strateji tərəfdaşlıq tərəflərin bir-birinin müstəqilliyinə hörmət etməyi, fərqli mövqeləri qəbul etməyi və milli maraqlarını açıq şəkildə ifadə edə bilməsini tələb edir.
Həssas regionda Azərbaycanın ən doğru yolu balanslı, praqmatik və müstəqil xarici siyasətdir. Bakı Ankara ilə də, Moskva ilə də, Tehranla da, Avropa və digər beynəlxalq tərəfdaşlarla da münasibətlərini Azərbaycanın maraqları əsasında qurmalıdır. Bu xətt heç bir tərəfə qarşı avtomatik mövqe tutmaq deyil, hər məsələyə ölkəmizin təhlükəsizliyi və gələcəyi baxımından yanaşmaq deməkdir.
Azərbaycanın qırmızı xətləri aydındır: suverenlik, ərazi bütövlüyü, müstəqil qərarvermə, iqtisadi resurslar üzərində milli nəzarət və regional sülh. Qardaşlıq münasibətləri bu prinsipləri zəiflətməməli, əksinə, daha da möhkəmləndirməlidir.
Xaqani SƏFƏROĞLU
