Azay Quliyev ATƏT PA-nın xüsusi nümayəndəsi təyin olunub

21 Avqust 2021 - 10:17

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun prezidenti Marqareta Sederfelt tərəfindən ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi təyin olunub.

ATƏT PA-nın rəsmi saytında verilən məlumata əsasən xüsusi nümayəndə bir sıra mühüm səlahiyyətlərə malikdir. Bunlardan Cənubi-Şərqi Avropa ölkələrində siyasi və seçki proseslərini, dövlət quruculuğu, regional əməkdaşlıq, bölgə ölkələrinin müəyyən etdiyi xarici siyasət prioritetlərinin təkamülü də daxil olmaqla bölgədəki əsas siyasi və digər hadisələrin monitorinqini qeyd etmək olar. Bundan başqa xüsusi nümayəndə Qərbi Balkanlar da daxil olmaqla, regional əməkdaşlıq proseslərini inkişaf etdirmək üçün parlament səviyyəsində əməkdaşlığa xüsusi yer ayırmalı, regional dialoqun inkişafına töhfə verməlidir. Bu mandata ATƏT-in Sahə Əməliyyatlarının dəstəklənməsi, ATƏT-lə ATƏT PA arasında fəaliyyətin əlaqələndirilməsi də daxildir.

Xüsusi nümayəndə Cənub-Şərqi Avropada miqrasiya və terrorizmlə mübarizə sahəsində ATƏT institutları ilə Assambleyanın komitələri arasında kommunikasiyanın qurulmasına da köməklik edəcək.