Azpost.info yazdı, Lerikdə bağlı qalan modul məktəbin qıfılı açıldı-"Bu həftə açılacaq"

Lerik rayonunun Loda kəndində tikilmiş, lakin sifarişçi şirkətlə maliyyə mübahisələri üzündən bağlı qalan  modul tipli məktəb binası bu həftə açılacaq. 

Azpost.info bildirir ki, bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Modern.az-a bildirib.

O bildirib ki, rayonda istifadəyə verilməyən tək məktəb Loda kəndində yerləşir: “Prezidentin müvafiq sərəncamı ilə rayonun bir neçə yaşayış məntəqəsində və Loda kəndində modul tipli məktəbin tikintisi həyata keçirilib. Loda kəndində tikilən məktəb 40 yerlikdir və ibtidai sinif üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, istifadəyə verilməyən tək məktəb həmin kənddədir. Məktəbin istifadəyə verilməsi ilə bağlı müəyyən problem var, bu günə kimi də davam edir. Bir həftə əvvəl həmin ərazidə olduq, icra başçısı vətəndaşlarla görüş keçirdi və məsələ yenidən qaldırıldı. İcra hakimiyyəti ilə Elm və Təhsil Nazirliyi arasında danışıqlar aparıldı, gəlinən nəticə belə oldu ki, məktəb bu həftə açılacaq”.

Habil Məlikov kənd sakinlərinin hazırda köhnə məktəb binasında təhsil aldıqlarını söyləyib.

Elm və Təhsil Nazirliyindən isə məsələnin diqqətdə saxlanıldığı bildirilib.

Qeyd edək ki, Azpost.info saytının məsələ ilə bağlı məqaləsindən sonra  rəsmilər reaskiya veriblər.

Kənd sakinləri öz şikayətlərində bildirmişilər ki, dövlət maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atır. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub. Tikintidə çalışmış sürücünün sözlərinə görə, Lerikdə 3 belə modul məktəbin tikilməsinə 700 min manat ayrılsa da subpodratçı bu məbləğin cəmi 200 min manatını aldığını iddia edib.

Tikintinin aparılması üçün Astaranın tikinti malları satılan mağazalarından təyinat üzrə mallar alınıb, amma pullar ödənilməyib.

Şikayətçilərin sözlərinə görə, dəfələrə bu barədə müxtəlif rəsmi qurumlara müraciət etsələr də nəticə olmur. Vəziyyət isə bu qaydada davam edir: Şagirdlər uçuq, köhnə məktəbdə oxumaqda davam edir, yeni binanın qapısı isə qıfıllanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə ərazisində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin tikilməsi üçün maliyyə ayrılıb. Sonuncu belə sərəncam bu ilin sentyabrında imzalanıb və Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

Əvvəlki məqalə

Rusiya XİN Bakı-İrəvan normallaşmasına dair təkliflərini açıqlamaq istəməyib

Sonrakı məqalə

Britaniya rusiyalı oliqarxlara sanksiya tətbiq etdi